Hamının baha qiymətə avtomobil almaq imkanı yoxdur


Müəyyən bir təbəqə köhnə hibrid maşınlardan istifadə etmək məcburiyyətində qalacaq

   Ötən ilin dekabr ayında Azərbaycanda avtomobil bazarı üzrə satışlar noyabr ayına nisbətən, təqribən, 5 faiz artıb. Növbəti aylarda ölkənin avtomobil bazarında qiymətlərin sabit qalacağı ehtimal olunur. Eyni zamanda elektromobil və hibrid avtomobillərin ƏDV-dən azad edilməsi də qiymətlərə öz təsirini göstərəcək.
Avtomobil bazarında baş verən proseslərlə bağlı “Şərq”ə danışan nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradov bildirib ki,  yeni nəsil avtomobillər ucuzlaşa bilər:

“Yanvarın 1-dən mühərrik həcmi böyük olan avtomobillərin, eləcə də, ili 7 ildən köhnə olan avtomobillərin ölkəyə gətirilməsi üçün rüsumlar artıb. Bu da həmin avtomobillərin qiymətinə təsir edəcək. Əgər düzgün analiz və təhlil edilibsə, bu yaxşı yanaşmadır. Yox, qərar kor-koranə qəbul edilibsə, bunun mənfi fəsadları ola bilər. Çünki yeni avtomobillə onun qiyməti arasında fərq yoxdursa və yaxud cüzidirsə, insanlar yenə köhnə avtomobil alıb gətirəcək. 
Əslində bir çox ölkələr bu praktikanı tətbiq edir. İl məhdudiyyəti qoyur, köhnə maşınlara daha ağır vergi, rüsum tətbiq edir və vətəndaşlar gedib yeni avtomobil alırlar. Ətraf mühitin qorunması, yol-nəqliyyat hadisələrində ölüm və xəsarətlərin az olması üçün yeni avtomobillərə keçid vacibdir. Azərbaycanda da artıq bu tendensiya baş verir. Dünya səviyyəsində edilən çağırışlara cavab verilir və elektromobillərin, hibrid  avtomobillərin ölkəyə gətirilməsinə daha geniş imkan yaradılır. Bu imkan sayəsində həmin avtomobillərin qiymətində enmə baş verə bilər. Bu enmə də ili 3 ildən köhnə olmayan avtomobillər üçündür. Ancaq bu avtomobillərin qiyməti vətəndaşların ala biləcəyi hibridlərdən qat-qat bahadır. Vətəndaşlar gedib 12-15 min manata “Toyota Pirus” ala bilirsə, bu, 2007-2010-cu ilə qədər olan avtomobillərdir. Dövlətin qoyduğu qaydalara görə 2019-cu ildən sonrakı “Toyota Pirus”lar ƏDV-dən azad olunur deyə onların qiyməti də təxminən 40 mindən başlayır və 100 mini keçir. 15 min manata maşın alan insan onu necə əldə edəcək, qiymətlərdən necə faydalana biləcək, bu bir az düşündürücüdür. Yenə də müəyyən bir kütlə köhnə hibridlərdən istifadə etmək məcburiyyətində qalacaq.

Ekspert eyni zamanda qeyd edib ki, qiymətlərin bu ay tarazlaşması mümkün deyil:

 “Qiymətlərin yanvar ayında tam olaraq tarazlanacağına inanmıram. Bu mart ayına kimi çəkəcək. Çünki bəzi avtomobil dilerləri var ki, onlar ölkəyə avtomobil gətirə bilmir. Ölkəyə hibrid avtomobili ən çox “Toyota” gətirə bilir. “Mersedes” hələ düşünür, “Volkswagen” isə 2024-cü ildən tez göndərə bilməyəcəyini bəyan edir. Yəni digər modellər bu rəqabətə necə dözəcək, onlar hansı variantlara əl atacaq?! Digər avtomobil istehsalçıları da hibrid  avtomobilləri Azərbaycana gətirsə, rəqabət yarana və qiymətlər də düşə bilər. Bütün bunları biz ilin birinci rübündən sonra daha aydın şəkildə görə və deyə bilərik”.

Sənan İsmayıl