Avropa rus qazının qoxusundan qaça bilməz


Xalid Kərimli: "Əgər qazın idxalı bu formada dayandırılsa, ən çox Avropa iqtisadiyyatı əziyyət çəkəcək"

Avropa İttifaqı (Aİ) Ukraynadakı savaşla əlaqədar Rusiyadan enerji daşıyıcılarının idxalının dayandırılmasını istisna etmir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunun Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel deyib.

Onun sözlərinə görə, bütün variantlar nəzərdən keçirilir: “Siz gördünüz ki, bütün sanksiyalar masanın üstündə idi. Heç kimin gəbul olunacağını gözləmədiyi tədbirlər qəbul edildi. Biz artıq Rusiya iqitsadiyyatına güclü zərər vuracaq maliyyə, siyasi və iqitsadi sanksiyaları qəbul etdik. Biz Ukraynanın müdafiə hüququnu dəstəkləyirik”.

J.Borel Aİ-nin Rusiyadan karbohidrogen və qaz tədarükünün dayandırılması perspektivi haqqında suala cavab olaraq deyib:

"Rusiyanın Qərbə qarşı əlində tutduğu ən önəmli kartlarından biri də Avropa ilə arasındakı qaz ticarətidir.  Moskva dəfələrlə bu məsələ ilə bağlı Avropanı təhdid edib. İndi isə vəziyyət tam əksinədir. Qərb Rusiyanı qaz idxalını dayandırmaqla hədələyir". 

Aİ-nin birdən-birə bu addımı atmasını “Şərq”ə dəyərləndirən iqtisadçı Xalid Kərimli Aİ-nin Rusiyadan qaz idxalını dayandıra biləcəyini güman etmədiyini bildirib.

“Bunu etmək üçün Avropa Birliyinin alternativi olmalıdır. Rusiya Avropanın qaz ehtiyacının 41 faizini qarşılayır. Hazırda dünyada bu həcmdə qazı sürətlə əvəzləyə biləcək imkanlar yoxdur. Ona görə də Avropanın Rusiyanın qazından imtina etməsi yaxın gələcəkdə mümkün görünmür. Çünki qaz təkcə isitmədə istifadə olunmur. Sənayedə də istifadə olunur və neft-kimya sənayesində böyük əhəmiyyəti var. Alternativ mənbənin olmadığı, boru xətlərinin çəkilmədiyi vaxtda bunu elan etmək ağılabatan deyil. Bu, sadəcə, müvəqqəti təzyiq imkanları kimi nəzərdən keçirilə bilər. Ola bilsin ki, Avropanın bir neçə aylıq qaz ehtiyatı var. Bu zaman bir müddət qaz almayacaqlarını deyə bilərlər. Ancaq ümumilikdə qaz idxalını dayandırmaq mümkün deyil. 

Qərbin belə bir addım atacağı təqdirdə bunun Rusiya iqtisadiyyatına təsiri barədə danışan iqtisadçı bildirib ki, əgər qaz ticarəti dayandırılsa, Rusiyada ümumi daxili məhsul 3 faiz (ÜDM) düşə bilər:

“Ancaq bu, Avropa və ümumilikdə dünya iqtisadiyyatına da təsir edəcək. Əgər qazın idxalı bu formada dayandırılsa, ən çox Avropa iqtisadiyyatı əziyyət çəkəcək. Əlavə olaraq, bu, Avropada qazın alış qiymətlərinin kəskin bahalaşmasına gətirib çıxaracaq. Bu da sonda qlobal inflyasiyanı daha da artıra bilər”. 

Sənan İsmayıl