Bayram yarmarkaları! – Keyfiyyət aşağı, qiymət baha... –REPORTAJ 

Orta Asiyadan Balkanlardakı millətlərə qədər geniş bölgədə qeyd olunan Novruz yazın gəlişinin qutlanıldığı gündür. Novruz sözü “Nov” və “ruz” sözlərinin birləşməsindən əmələ gəlib. Bu söz "yeni gün" mənasını daşıyır. 

Bahar bayramı da deyənlər az deyil. Novruz martın 21-də qeyd olunur. Həmin gün gecə ilə gündüz bərabərləşir.

Havalar isinməyə, qar əriməyə, ağaclar çiçəklənməyə, torpaq yaşıllaşmağa, köçəri quşlar yuvalarına qayıtmağa başlayır. Ona görə də martın 21-i bütün varlıqlar üçün diriliş günü kimi qəbul olunur. Novruzu azərbaycanlılar, qazaxlar, qırğızlar, türkmənlər, özbəklər, tatarlar, uyğur türkləri, anadolu türkləri və balkan türkləri qeyd edirlər. Bu bayram 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Azərbaycan əhalisi Novruzu xüsusi təntənə ilə qarşılayır. Bütün evlərdə səməni göyərdilir, şəkərbura, paxlava bişirilir. Qapıya papaq atılanda da şirniyyatla doldurulub geri qoyulur. Şirniyyatları isə qozsuz, ləpəsiz təsəvvür etmək mümkün deyil. İnsanları isə daha ucuz məhsullar əldə etmək maraqlandırır. Hər il Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən metro stansiyaları yaxınlığında qurulan bayram yarmarkalarında qiymətlərin sərfəli olduğu söylənilir. İnşaatçılar metrosu yaxınlığındakı yarmarkalardan birinə baş çəkdik. 

Yarmarka barəsində məlumat əldə etmək üçün satıcılarla söhbətə başladım. Məlum oldu ki, yarmarka səhər saat 8-də açılır, axşam saat 10-da bağlanır. Satıcılardan biri bildirdi ki, yarmarka martın 21-nə qədər fəaliyyət göstərəcək. 

Satıcı Şəmmədov Nahid bolluq olduğu üçün malların ucuz olduğunu söylədi:

“Qiymətlər sərfəlidir. Alıcımız da kifayət qədər var. Burada qoz, ləpə, fındıq satırıq. Səməni, keçəl, kosa, gəlinciklər və müxtəlif oyuncaqlarımız var. Oyuncaqların qiyməti 50 qəpik 4 manat arasındadır. Xonçalarımız da var, qiyməti 3 manatdır. Səmənilərin qiyməti isə 50 qəpikdən başlayır. Ən bahalı səməni 13 manatdır”.

Alıcı Fəzilə Əmirxanova yarmarkada qiymətlərin normal olduğunu dedi:

“Özüm təqaüdçüyəm. Cibimə uyğun alış-veriş edirəm. Yarmarkadakı qiymətlər sərf edir”.

Alıcı Şamil Qafarov isə qiymətlərdən razı olduğunu dedi:

“Marketlərə nisbətən burada qiymətlər yaxşıdır. Məhsullar ucuzdur”.

Qiymətlərin həqiqətən ucuz olub-olmadığı öyrənmək üçün digər mağazaları da ziyarət etdim. Mağazaya girən kimi yarmarkada olan eyni səmənini gördüm. Qiyməti soruşduqda öyrəndim ki, yarmarkada 13 manat  olan səməni burada 12 manat imiş. Məlum oldu ki, yarmarkada qiymət daha bahadır. Artıq bütün vəziyyəti dərk etdim. Deməli, bayram üçün qurulan yarmarkalarda qiymətlər sərfəli deyil.

Xanlar ƏLİBƏY