Bayram öncəsi  bazarlar: qiymətlər  “əl yandırır”!"Rüsumlar aradan qaldırılmalıdır”

Novruz bayramına sayılı günlər qalıb. Artıq bazarlarda və marketlərdə cürbəcür bayram atributlarına və məhsullarına rast gəlinir. Lakin qiymətlərin çox baha olması cəmiyyətdə narazılıqla qarşılanır. Artan qiymətləri qoz-fındıqdan mövsüm meyvələrinə qədər bütün məhsullarda hiss etmək mümkündür.

 Bayram öncəsi süni qiymət artımları ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-alim Nazim Bəydəmirli  bildirib ki, Azərbyacanda süni qiymət artımı yaradan qurum  sahibkarların idxal etdiyi məhsullara bəyannamə qiyməti tətbiq edən Dövlət Gömrük Komitəsidir:

“Tətbiq etdikləri bəyannamə qiymətləri real qiymətdən fərqli olur və daha çox vergi və rüsum  toplamaq üçün adddımlar atılır. Eyni zamanda, Azərbaycanda  olan məmur sahibkarlığı müxtəlif bazar instrumentlərini kənarlaşdıraraq, inhisarçılıq yaradır. Bu da qiymətlərin bahalaşmasına gətirib çıxarır”.

İqtisadçı süni qiymət artımını tənzimləməyin yollarını sadalayıb:

“Bazar iqtisadiyyatında dövlətin inzibati resurslarla müdaxilə etmək vəzifəsi yoxdur.
 Ancaq belə vəziyyətləri yaradan dövlətin tarif siyasəti də olur. Son iki ildə Azərbaycanda  qiymət artımı çox ciddi şəkildə davam edir. 2022-ci ilin birinci rübündə də qiymətlər artır. 

Belə vəziyyətin aradan qaldırılması üçün təbii ki, iqtisadi fəaliyyət stimullaşdırılmalı, sahibkarlığın daha azad şəkildə fəaliyyət  göstərməsi üçün şərait yaradılmalı və idxal inflyasiyası çox olduğuna görə onların vergiləri azaldılmalıdır. Yəni başqa ölkələrin təcrübəsi onu göstərir ki, qiyməti stabil saxlamaq və ya ciddi artımın olmaması üçün hökümətlər gömrük rüsumlarını tamamilə və yaxud qismən aradan qaldırırlar. 

Tarifləri normal saxlamaq  və gömrük fiskal siyasətini aşağı endirmək hökümətin əlində olan instrumentlərdir. Bunu etməyənə qədər şikayətlər olacaq. Həm də insanların daha çox qazanmasına şərait yaratmaq lazımdır və bu da hökümətin borcudur”.

Çimnaz Şahlar