Ev almaq istəyənlərin NƏZƏRİNƏ: “Bir müddət sonra qiymətlərdə...”

“...bahalaşma müşahidə ediləcək”

Rusiya Ukraynada hərbi əməliyyatlara başladığı üçün bir çox dövlətlər tərəfindən sanksiyaya məruz qalır. Rusiyaya tətbiq edilən cəza sistemi Azərbaycanın tikinti sektoruna da  təsirini göstərir. Tikinti bazarında bir çox material bahalaşıb. Əsas mallardan biri hesab edilən taxtanın qiyməti xeyli yüksəlib. Sahibkarların bildirdiyinə görə, hazırda istifadə edilən taxtalar müharibədən əvvəl yüklənmiş materiallardır: 

“Materialın gəlməməsinə hazırkı səbəb vaqonların olmamasıdır. Rusiya vaqonların əksəriyyətinə silah-sursat doldurub Ukrayna sərhədinə göndərir. Ona görə də, Azərbaycana demək olar ki, taxta gəlmir. Ölkəmizə taxta yalnız Ukrayna və Rusiyadan gəlirdi. Hər iki istiqamətdə iş dayanıb. Bu məsələlər səbəbindən hazırda bazarda taxtanın bir kubunun qiyməti 450-480 manatdır. Əvvəl 300-350 manata satılırdı”.

Tikinti mallarının bahalaşmasına münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli "Sherg.az"a bildirib ki, bir müddət sonra mənzil qiymətlərində bahalaşma müşahidə ediləcək:

“Tikinti bazarında malların bahalaşması maya dəyərini yüksəldir. Bu da evlərin tikinti, təmir  qiymətlərinin artmasına səbəb olacaq. Bunun qarşısının alınması üçün alternativ bazara ehtiyacımız var. Lakin başqa bazar tapmaq çox çətindir. 

Avropanın tikinti mallarını Finlandiya qarşılayır. Finlandiyadan material almaq sərf etməz. Çünki həm baha qiymətə təklif edilir, həm də daşınma xərcləri çoxdur. Yaxın ətrafımızda başqa sərfəli bazar da yoxdur”.

Xanlar ƏLİBƏY