Ərzaq qıtlığı! – “Rusiya taxılın qiymətini artıracaq” – Çörək bahalaşcaq? 

Ukraynadakı vəziyyət artıq bu il dünyada ərzaq böhranına səbəb ola bilər.
Fransanın kənd təsərrüfatı və ərzaq naziri Julyen Denormandi bununla bağlı öz qorxusunu ifadə edib.
O deyib ki, baş verən hadisələr qiymətlərin artımına gətirib çıxara bilər ki, bu da mal-qara yeminə təsir göstərəcək.

“Aralıq dənizi rayonunda Rusiya və Ukraynadan olan buğda ixracından asılı olan çox sayda ölkə yerləşir“, – deyə Denormandi qeyd edib.

Onun sözlərinə görə, Qətər, Ruanda, Qırğızıstan və Misir kimi ölkələrin Rusiyadan olan buğda tədarükündən 80 faiz, Türkiyə isə 70 faiz asılıdır Bundan başqa, Gürcüstana buğda ununun təxminən 90 faizi Rusiyadan gəlir.

O, yaxın 1,5 ildə ərzaq böhranından yaxa qurtarmaq üçün addımlar atmağa dair çağırış edib.
Qeyd edək ki, dünyada bahalaşma hər sahədə kəskin  surətdə artıb. Rusiyanın işğalçı rejimi bu prosesə daha çox təsir edir. Təəssüf ki, savaşlar həmişə özü ilə birlikdə fəlakətlər gətirir. Hətta qalib gələn tərəf belə müharibənin əziyyətini çəkir. Regiondakı gərgin vəziyyətin bitməməsi növbəti qiymət artımlarını daha da sürətləndirəcək.

İqtisadçı-ekspert Rəşad Həsənov “Sherg.az”a açıqlamasında Rusiya və Ukrayna məsələsinin ərzaqların bahalaşmasını sürətləndirdiyini izah edib:

“Dünya bazarında buğda 40 faiz, soya yağı 26 faiz, qarğıdalı və misir unları 20 faiz bahalaşıb. Dövlətlərin həmin qidalarla təchiz olunmasında bu iki ölkə əsas rol oynayır. Ukraynada istehsalat pozulub. Bu o deməkdir ki, növbəti mövsümdə məhsul təşviq edə bilməyəcək. Sanksiyalar üzündən qıtlıq müşahidə oluna bilər”.

Ekspert bildirib ki,  Rusiya höküməti  ölkənin alternativ istiqamətlərdə azalan gəlirlərinin kompensasiyası məqsədi ilə taxılın ixracı ilə bağlı təsdiq etdiyi rüsumu artıracaq:
“Yəni taxıl bazarda daha yüksək qiymətlə təqdim olunacaq. Həm də çalışacaq, kvota tətbiq etsin. Onsuz da, pandemiya qiymətlərin yüksəlməsinə gətirib çıxartdı. BMT-nin Ərzaq Tədarükü Təşkilatının hesabatına görə, 36 faiz ilə son 40 ildə artımın pik həddi görsənib. Sonra da bu müharibə dünyada, o cümlədən Azərbaycanda bahalaşmanı kəskin sürətləndirdi”.

R.Həsənov Azərbaycandakı vəziyyətə də diqqət çəkib:

“Biz 85-92 faiz taxıl idxalında Rusiyadan asılı ölkəyik. Düzdür, ilk dövrlərdə ola bilsin ki, rəsmi Moskva müvafiq problemləri, çətinlikləri və kvotaları məhz dost olmayan ölkələrə tətbiq etsin. Amma onun gəlirləri azalır. Alternativ mənbələrdən enerji resurslarını sata bilmir. Ona görə, çalışacaq ki, əlindəki məhsulların ixracından gəlir əldə etsin. Rusiyada  istehsal prosesi pozulacaq. Çünki texnologiyanın idxalı məhdudlaşdırılır. Belə olanda  istehsalat aşağı düşəcək. Bu da, məhsulu bahalaşdıracaq. Nəticədə Azərbaycandakı qiymətlərə təzyiq göstərəcək”.

Cəmilə ƏZİM