“...Azərbaycanda ərzaq qıtlığı baş verə bilər”

“Müəyyən məhsulları başqa ölkələrdən idxal etməli olacağıq”

“Bu isə həm coğrafi, həm logistik məsələlərinə görə qiymətəmələ gəlmə prosesinə mənfi təsir göstərəcək”


2022-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi  2021-ci ilin yanvar-fevral aylarına nisbətən 12,2 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,2 faiz, qeyri-ərzaq məhsulları üzrə 6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 faiz yüksəlib. Dövlət Statistika Komitəsindən marja.az-a verilən məlumata görə, cari ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 11,9 faiz artıb.2022-ci ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 17,2 faiz qalxıb. Qeyd edək ki, Rusiya və rəsmi Kiyev arasındakı müharibə iqtisadi çöküntünü artırır. Avropanın və ABŞ-ın qoyduğu sanksiyalar vəziyyəti daha da kritikləşdirir. Nəticədə dünyada hər sahədə bahalaşma gedir.

Təbii ki, qiymət artımı Azərbaycandan da yan keçmədi. Taxıl, bəzi ərzaqlar və tikinti materialları rəsmi Moskva və Ukrayna tərəfindən təmin olunur. İqtisadi gedişat müharibənin davamiyyətindən asılıdır. Görünür, bu hadisələr hələ bitməyəcək...

Bahalaşma ilə bağlı öz fikirlərini “Sherg.az”a bildirən iqtisadçı-ekspert Fuad İbrahimov qeyd edib ki, Azərbaycan ən çox Rusiyadan buğda idxal edir:

“Ukrayna da ölkəmizi az da olsa, taxılla təmin edir. Rəsmi Kiyev və rəsmi Moskva dünya ixrac edənlər siyahısında müəyyən yer tutur. Statistik məlumatlara görə, Rusiya bu gün birinci, Ukrayna isə beşinci yerdədir. Ukrayna ixracını Qara dəniz üzərindən həyata keçirir. Amma oranın limanları  hərbi münaqişəyə görə bloklanıb. Daha hansısa ixracdan söhbət gedə bilməz”.

Ekspert Rusiyanın iqtisadi böhranına toxunub:

“Dünya Rusiyaya sanksiya tətbiq edir. Qarşılığında onlar da Avropanı buğda ilə təmin etməkdən imtina edə bilər. Rubl sürətlə ucuzlaşdığı üçün onun maya dəyərində də hər hansı satış baş verərsə, Rusiya sanksiyalarına zərər dəyə bilər. Belə bir uyğunsuzluq yaranır. Bu da dünya bazarlarında buğdanın qiymətinin artmasına səbəb olur”.

F.İbrahimov mövcud vəziyyətin Azərbaycana təsirlərindən də söz açıb:

“Bu cür vəziyyət davam edərsə, birjalarda dəyər bahalaşarsa, Azərbaycan ən azından özündə tədarükdən əlavə satış meyarını yüksəltsə də, baha qiymətə almalı olacaq. Bu da, mənfi təsir göstəricisi olacaq. Statistikaya görə müəyyən qədər qarşılaya bilərik. Ərzaq istehsalında istifadə olunan komponent maddələri və hissələrini Ukrayna və Rusiyadan idxal edirik. Regiondakı gərginlik davam edərsə, ölkədə qıtlıq baş verə bilər. Müəyyən ərzaq və məhsulları başqa ölkələrdən idxal etməli olacağıq. Bu isə həm coğrafi, həm logistik məsələlərinə görə qiymətəmələ gəlmə prosesinə mənfi təsir göstərəcək”.

Cəmilə ƏZİM