“Azərbaycanda inflyasiya artmağa davam edəcək”

2022-ci ilin yanvar-fevral aylarında inflyasiya göstəricisi 2021-ci ilin yanvar-fevral aylarına nisbətən 12,2 faiz artıb. O cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,2 faiz, qeyri-ərzaq məhsulları üzrə 6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 faiz qiymət artımı müşahidə olunub.

Cari ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 11,9 faiz artıb. 2022-ci ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 17,2 faiz yüksəlib.

İnflyasiyaya təsir edən amilləri "sherg.az"a açıqlayan iqtisadçı-ekspert Nazim Bəydəmirli bildirib ki, Rusiya-Ukrayna savaşının təsiri ölkəmizdə də hiss edilir:

“Rusiya və Ukrayna ordunun, ölkənin təchizatını təmin etmək üçün məhsulların xaricə çıxarılmasına qadağa qoyub. Bu da Azərbaycana dolayı yolla təsir göstərir. İdxal etdiyimiz məhsulların 14,5 faizi Rusiyanın payına düşür. İdxaldan asılı olmağımız mənfi haldır. 

Həmçinin ölkəmizdə hökm sürən korrupsiya və məmur sahibkarlığı da inflyasiyaya təsir edən amillərdəndir. Gömrük orqanlarının bəyannamə adı altında süni qiymət artımı vəziyyəti daha da gərginləşdirir. Bu amillər aradan qalxmazsa, inflyasiya artmağa davam edəcək”.

Xanlar ƏLİBƏY