Kənd təsərrüfatı məhsulları KƏSKİN BAHALAŞIB: Səbəblər sadalandı...


“Məhsul idxal etdiyimiz ölkələrdəki bahalaşma,  qlobal və regional problemlər çətinliklər yaradır”

Azərbaycanda əhalinin istehlak səbətində mühüm yer tutan bir sıra tərəvəz məhulları bahalaşıb. Bu barədə Banker.az Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, kartofun qiyməti fevral ayında hər kiloqramı 1.02 manat təşkil edib. Bu da son ayda 4 qəpik, yaxud 4.50 faiz  bahalaşma deməkdir.

Lakin, mart ayı üçün də artımlar davam edir. Banker.az supermarketlərdəki qiyməti araşdırıb və hazırda acık sortu 1.2 manat/kq, Şəmkir kartovunun qiyməti 1.7 kq/manat təşkil edir.

Baş soğanın hər kiloqramı isə rəsmi olaraq 3 qəpik, yaxud 5.47 faiz bahalaşaraq 66 qəpik təşkil edir. Marketlərdə isə mart ayı üçün hər kiloqramının qiyməti artıq 1 manat ətrafındadır.
Fevralda bəzi tərəvəzlər: məsələn, yerkökü (0.78 faiz) və süfrə çuğunduru (0.64 faiz) ucuzlaşıb.
Qeyd edək ki, bahalaşma dünyada tüğyan edir. Hər sahədə bunu hiss edə bilirik. Rusiya və Ukrayna arasındakı müharibə qiymət artımını daha da yüksəldib. Azərbaycanda da bu proses getdikcə pik həddə çatır. Ucuzluq bir yana, stabil vəziyyətin olub-olmayacağı məlum deyil.

Kənd təsərrüfatı məhsullarının bahalaşması barədə “Sherg.az”a danışan iqtisadçı Ruslan Atakişiyev bildirib ki, Azərbaycanda mövsümi məhsulların, xüsusilə, yazın ilk vaxtlarında getdikcə bahalaşır:

“Bu da, kənd təsərrüfatı məhsullarının yaş halında tədarükünün yekunlaşması, bazara daha çox anbarlardan  satışa çıxarılması, yerli alternativlərin xarici ölkələr hesabına ödənməsinin baş verməsindən qaynaqlanır. Həmin hadisə endogen və ekzogen proseslərin təsirindən də dərinləşib. Həm pandemiyadan sonrakı dövrdə dünya bazarında ərzaq məhsulları, xüsusilə, kənd təsərrüfatı məhsullarının qiymətlərinin bahalaşması daha çox idxalla gələn məhsulları göstərir. Ukrayna və Rusiya arasındakı münaqişə bu prosesi daha da gərginləşdirib. Hesab edirik ki, Azərbaycanda yay mövsümünə doğru irəlilədiyimizə görə apreldən başlayaraq noyabr ayına kimi kənd təsərrüfatı məhsullarında stabilləşmə, hətta ucuzlaşma müşahidə ediləcək”.
 

İqtisadçı izah edib ki, təchizatı əhatə edən bütün zəncirlər vasitəsi ilə paranoya yaşanır:

“Bu sahədə məhsullar daha çox xaricdən gətirildiyinə görə pandemiyadan sonrakı dövrlərdə mövcud tələbin artıma nisbətən fəaliyyətində ləngimələr olması, təklifdə qıtlığın yaranması bahalaşmaya səbəb olur. İstehsal sahəsində də bahalaşma görürük. Çünki Azərbaycanda mövcud olan istehsalın böyük bir hissəsində istifadə olunan məhsullar əsasən xaricdən gətirilir. Məhsul idxal etdiyimiz ölkələrdəki bahalaşma,  qlobal və regional problemlər çətinliklər yaradır”.