Çay və göl suyundan istifadə pullu olacaq!Reaksiya:”Bu, bahalaşma və narazılıq yaradacaq”

“Dövlət 5-10 milyon qazanacaqsa, əhalinin 100 milyonlarla ziyana düşəcək”

“Bir ağacdan 50 ton meyvə yığılsa, gərək onu bazarda 10 manatdan aşağı almayaq. Bunun strateji tərəflərini düşünmürlər”

Villa var ki, 50 ildir su itifadə edir, amma sayğacda 5-10 manat yazılır”


İçməli su istifadə etmək məqsədilə həyətlərində xüsusi qurğularla su əldə edən vətəndaşlar pul ödəyəcəklər.  Bu barədə Nazirlər Kabinetinin təsdiqlədiyi “Sudan ödənişli istifadə Qaydaları”haqqında qərarda qeyd edilib.Tarif (Qiymət) Şurasına sudan istifadə haqqını (tarifləri) müəyyən etməsi tapşırığı da verilib.Qərara görə, əgər vətəndaş çaylar, göllər və anbarlardakı sudan istifadə edəcəksə, pul ödəməli olacaq. Qeyd edək ki, qlobal istiləşməyə görə dünyada, eləcə də Azərbaycanda su qıtlığı artır. Belə bir qərarla su istismarının qarşısını almaq, iqtisadi canlılığı qorumaq, təsərrüfat sahələrini genişləndirmək və inkişaf etdirmək istəyirlər. Lakin bu addımın nə dərəcədə ədalətli  olması düşünüləndir.

Həmin qanunun Azərbaycan üçün lazımsız olduğunu “Sherg.az”a izah edən “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı müəyyən edilən pulun az olmasının tərəfdarıdır:

“Əvvəldən belə təkliflər olub. Bəzi Avropa ölkələrini nümunə gətirirlər ki, bu tipli ödənişlər var. Amma bu, Azərbaycan üçün hələ aktual deyil. Həm uyğun deyil, həm də lazım deyil. Çünki oradan yığılacaq vəsaitə dövlətin ehtiyacı yoxdur. Üstəlik kənd və rayonlarda əhalinin aztəminatlı hissəsi yaşayır. Sudan həyətindəki ağacları suvarmaq və mal-qarası üçün istifadə edir. Buna qiymət qoymaq düzgün deyil. Qoyulacaqsa da, az olmalıdır”.

E.Bayramlı bildirib ki, bununla israfçılığın qarşısını almağı düşünmək yanlışdır:

“Böyük təsərrüfat və obyektlərlə, məmurların və digərlərinin əlavəsinə, yəni qanunsuz şəkildə su ehtiyatlarından istifadə edilməsinə, bunun uçota alınmamasına diqqət yetirilməlidir. Korrupsiya və rüşfət faktları var. İsraf bunlardır. Su mənbələrinə, həqiqətən, təzyiq var. Bəlkə, vətəndaş bir balaca su matoru qoyub ağaclarını sulayır. Bir ağacdan 50 ton meyvə yığılsa, gərək onu bazarda 10 manatdan aşağı almayaq. Bunun strateji tərəflərini düşünmürlər. Dövlət 5-10 milyon qazanacaqsa, əhalinin 100 milyonlarla ziyana düşəcək, ölkədə bahalaşma və sosial narazılıq yaranacaq”.

E.Bayramlı məsələ ilə bağlı çıxış yollarını göstərib:

"Yeraltı su mənbələrindən istifadə etmək üçün artezian quyularının qazılmasında rüşvət istəmək faktoru var. İmkan vermirlər, camaat özünə təsərrüfat qursun, həmin su qaynaqlarından istifadə etsinlər. Yerüstü olanlar sıradan çıxıb. Çaylar quruyur. Baxmayın, yağıntı miqdarı çox oldu deyə Kür artdı. Əminəm ki, yayda su olmayacaq. Təsərrüfata sərf edilən bir şeyə qənaət etmək lazım deyil. Vətəndaş suyu xaricə satacaq? Mənəvi tərəfdən baxsaq, bu, ölkənin sərvətidir. Hökümət və dövlətin əmlakı deyil. Hər bir vətəndaşın təbiətdən istifadə etmək, meşələrdə gəzmək, suları mənimsəmək hüququ var. Dövlət yalnız suyun infrastukturla daşınıb çatdırılması zamanı pul ala bilər. Tutaq ki, motorlar, borular və kəmərlər çəkir. Bu başadüşüləndir. Yoxsa, quyudan, bulaqdan su çıxırsa, dövlət nə haqla maddi nə isə ala bilər? Bəziləri meşələri çəpərləyib insanları içəri buraxmırlar. Bu da, o deyil ki... Boş və mənasız istifadəyə rast gələrsənsə, hə, o zaman tədbir görərsən. Vətəndaş kənddə su yoxdursa, niyə yaşasın ki?

Ekspert düşünür ki, tariflər suvarma suyunun qiymətlərinin aşağı salınması ilə bağlı olacaq:

“Çünki məcburi addımdır. Onsuz ərzaq sistemimiz batıb gedir. Həm idxalda, həm ixracda problemlər var. Bunu etmək əvəzinə bəhanə ilə 5-10 quyudan istifadə halının qarşısını alırlar. Bunları qınayıram. Əhaliyə və iqtisadiyyata zərərdir. Gəlsinlər, mən çoxlu su israfçılığını göstərə bilərəm. 

Yaşıllaşdırma adı ilə ayrılan su başqa yerlərə yönləndirilir. Villa var ki, 50 ildir su itifadə edir, amma sayğacda 5-10 manat yazılır”.