Daha bir Avropa ölkəsi qaz tədarükü təhlükəsi ilə fövqəladə rejim tətbiq etdi



31 Mar, 2022
12:44
439
197
Avstriya Rusiyanın qaz tədarükünü dayandıra biləcəyi qorxusuna görə Almaniyaya oxşar erkən xəbərdarlıq rejimi tətbiq edib.

Xəbərdarlıq ölkədə qaz təchizatına daha sərt nəzarətin tətbiq olunduğu anlamına gəlir.

Hazırda Avstriya hökuməti bəyan edib ki, Rusiyadan qaz nəqli maneəsiz davam edir və Avstriyada qaz anbarlarının doldurulma həcmləri orta səviyyədədir.

Almaniya hökuməti Rusiyadan qaz nəqlinin dayandırılması halında fövqəladə vəziyyət barədə artıq erkən xəbərdarlıq rejimini işə salıb.

Qaz təchizatı vəziyyətini qiymətləndirmək və təhlil etmək üçün Almaniyada böhran qrupu toplanacaq. Almaniyanın Energetika Nazirliyinin fikrincə, bu, lazım gələrsə, enerji təhlükəsizliyi ilə bağlı əlavə tədbirlər görməyə imkan verəcək.

Hökumət həmçinin Almaniyadakı biznesləri və özəl istehlakçıları enerjiyə qənaət etməyə çağırıb.

Bundan əvvəl Kreml ultimatum verib ki, aprel ayından etibarən “dost olmayan ölkələrə” qaz nəqli avro və ya dollarla deyil, yalnız rublla ödənilməlidir.

Almaniya və digər G7 ölkələri bazar ertəsi bu ultimatumu rədd edib.

Mənbə: Eurointegration.com.ua