Su həyatdır!

"Su qiymətinə" deyimi kökündən yanlış olub

İndi suyun həqiqətən də həyat olduğunu anlamalı və həyatımızın qorunmasına, israf olunmamasına çalışmalıyıq


   “Su ehtiyatlarının qorunması ilə bağlı Azərbaycan hökumətinin qəbul etdiyi qərar və nəzərdə tutulan proqramlar bəziləri tərəfindən məqsədyönlü şəkildə yanlış istiqamətə yozulur”. Bu barədə siyasi şərhçi, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. Ekspert bildirib ki, ölkənin 70 faiz çay suları transərhəd çaylarının hesabına formalaşır: “Ermənistan və Gürcüstandan Azərbaycan ərazisinə axıdılan çirkli, yaxud təmizlənməmiş suların həcmi 470 milyon m3 təşkil edir. 

Bu, kifayət qədər böyük rəqəmdir və və mahiyyət etibarilə ölkəmizin təmiz su ehtiyatları ilə bağlı real mənzərəni ortaya qoyur. Məhz bu səbəbdən, Azərbaycan 1992-ci ildə “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” BMT Konvensiyasının “Su və sağlamlıq haqqında” Protokoluna qoşulub. Təəssüf ki, nə Gürcüstan, nə də Ermənistan sözügedən konvensiya və protokola qoşulublar. Bu da ilk növbədə ölkəmiz üçün bir sıra problemlərin yaranmasına səbəb olur. Yəni Azərbaycan transsərhəd çayları vasitəsilə ölkəmizə daxil olan suların təmizlənməsinə digər qonşu dövlətlərdən daha çox vəsait sərf edir. Bu vəsait təbii su ehtiyatlarının azalması, həmçinin çirklənməsi səbəbindən ildən-ilə artır. Bununla yanaşı, Azərbaycan hökumətinin su ehtiyatları və mənbələrinin qorunması ilə bağlı həyata keçirdiyi və keçirməyi nəzərdə tutduğu tədbirlər həm də BMT-nin yuxarıda iqtibas gətirdiyim konvensiya və protokoldan irəli gəlir”. 

E.Mirzəbəyli xatırladıb ki, BMT Konvensiyasının “Su və sağlamlıq haqqında” Protokolun “h” bəndində qeyd olunur ki, suyun effektiv istifadə olunmasına iqtisadi vasitələrlə və məlumatlılığı gücləndirmək vasitəsi ilə nail olunmalıdır: 

“Azərbaycan hökuməti məhz prinsipə istinad edərək, sudan effektiv istifadə olunmasına iqtisadi vasitələrlə nail olmaq istəyir. 

Bununla yanaşı suya olan tələbatın artması və ehtiyatların azalması, bu yöndə məsuliyyətin artırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruru edir. 

Əslində bizim ən dəyərsiz nəsnələrə münasibətdə istifadə etdiyimiz “su qiymətinə” deyimi kökündən yanlış olub. Çünki bir tərəfdən “su həyatdır” dediyimiz halda, digər tərəfdən suyu və təbii ki, həyatımızı hər şeydən ucuz tutmuşuq.

  İndi suyun həqiqətən də həyat olduğunu anlamalı və həyatımızın qorunmasına, israf olunmamasına çalışmalıyıq. İndi “su qiymətinə” deyəndə insanlıq üçün ən dəyərli olan həyat nəzərdə tutulmalıdır”.