Maraqlı hesabat...

Azərbaycan elektrik enerjisindən ən çox istifadə edən ölkələrdəndir

"Bir vacib məsələni diqqətə almalıyıq ki, alternativ enerji istehsalının maya dəyəri elektrik enerjisinin istehsalından baha başa gəlir"

   Külək və günəş enerjisinə ən sürətli keçid Hollandiya, Avstraliya və Vyetnamda baş verib. Hər 3 ölkə son iki ildə elektrik enerjisi tələbinin 10 faizini fosil yanacaqdan "yaşıl mənbələr"ə keçirib. Ötən il qlobal miqyasda 12 faizlik artımla Azərbaycan elektrik enerjisinə tələbatın ən sürətlə artdığı 2-ci ölkə olub. "Sputnik Azərbaycan" xəbər verir ki, bu barədə iqlim və enerji sektorunda fəaliyyət göstərən "Ember" konsaltinq şirkətinin hesabatında bildirilir. Sənədə əsasən, 2021-ci ildə elektrik enerjisinə tələbatın ən sürətlə artdığı ölkə Çin (13 faiz) olub. 

Onu Azərbaycan (12 faiz), Qazaxıstan (10 faiz) və Türkiyə (9 faiz) izləyib. Araşdırmaya görə, digər bərpa olunan enerji mənbələri nəzərə alındıqda, 2021-ci ildə dünyada elektrik enerjisi istehsalının 38 faizi "yaşıl enerji" mənbələri hesabına həyata keçirilib. Digər tərəfdən, kömür istifadəsində pandemiyadan sonrakı iqtisadi canlanma dövründə 1985-ci ildən bəri ən sürətli artım yaşanıb. 2015-ci ildə Paris İqlim Sazişi imzalanandan bəri küləyin və günəşin payı elektrik enerjisi istehsalında iki dəfə artıb.

Tədqiqatçılar bildirirlər ki, 2021-ci ildə kömürə tələbatın yenidən artmasına baxmayaraq, ABŞ, Böyük Britaniya, Almaniya və Kanada kimi böyük iqtisadiyyata malik ölkələr yaxın 15 il ərzində şəbəkələrini 100 faiz elektrikləşdirməyi hədəfləyir. Bu dəyişiklik, qlobal istiləşməni 1,5 dərəcə Selsi şkalası ilə məhdudlaşdırmaq üçün ölkələrin iqlim öhdəlikləri ilə bağlıdır. Alimlər buna nail olmaq üçün külək və günəş enerjisindən istifadənin 2030-cu ilə qədər hər il təxminən 20 faiz artması hesabına mümkün olduğunu qeyd edirlər.
Hesabatda Azərbaycanın yeri, əlbəttə, maraq doğurur. Elektrik enerjisinə tələbatın sürətlə artması nə qədər başa düşüləndirsə, alternativ enerji mənbələrinə keçidin niyə zəif olması bir o qədər sual doğurur. Çünki ölkəmiz alternativ enerji mənbələrindən istifadə üçün kifayət qədər imkanlara malikdir. 

İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda elektrik enerjisinə tələbatın sürətlə artmasının bir çox obyektiv səbəbləri var: 

- Birincisi, Azərbaycan böyük tarixi qələbə qazandı, 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altındakı ərazilərimizi azad etdi. İşğaldan azad edilmiş ərazilərimizdə nəhəng quruculuq işləri aparılır. Müəssisələr çalışmağa başlayıb, təkcə Qarabağ bölgəsində deyil, ümumiyyətlə, ölkədə sənaye müəssisələrinin fəaliyyətinə artıq dövlət nəzarəti var və müəssisələrinin say göstəriciləri əsassız statistik rəqəmlər deyil artıq. Həm sənayedəki yeniliklər, həm ümumi işıqlandırma, istər inzibati ərazilərin, istərsə də binaların, yaşayış komplekslərinin, küçələrin, parkların işıqlandırılması, həmçinin əhali artımı ilə bağlı məişətdə də elektrik enerjisindən istifadəyə tələbat artıb. Müasir texnologiyalardan istifadə də bir tərəfdən elektrik enerjisinə tələbatı artırır. Niyə alternativ enerji mənbələrindən az istifadə olunur, bunun da öz cavabı var. Doğrudur, ölkəmizin alternativ enerji mənbələri kifayət qədərdir. Külək, günəş enerjisi ilə elektrik enerjisini əvəz etmək olar. Həmçinin dağ çayları da bizə bu imkanı verir. Amma bir vacib məsələni diqqətə almalıyıq ki, alternativ enerji istehsalının maya dəyəri elektrik enerjisinin istehsalından baha başa gəlir. İstehsalın maya dəyəri baha başa gəlir deyə, alternativ enerji mənbələrinə keçid prosesi zəifdir. Məsələn, alternativ enerji mənbələri məişətdə istifadəyə yönləndirilsə, bu, əhali qruplarına, vətəndaşa sərf etməyəcək, çünki qiyməti baha olacaq. Ona görə də hazırda alternativ enerji mənbələrinin məişətdə istifadəsi hələ ki, sərf etmir. Keçid mümkündür, amma bunun üçün zaman və uyğun şərtlər lazımdır. Məsələn, Bakı kəndlərinin bəzisində günəş panelləri quraşdırılıb. Hətta fərdi şəxslər evlərində, bağ sahəsində günəş batareyalarından istifadə edir. Evinə gəlir, batareyanı işə salır, rahatca enerji əldə edir. Bu üsuldan istifadə birbaşa konkret ərazilərdə quraşdırıldıqda yaxşı effekt verir. Tutalım, hansısa sənaye müəssisəsi fərdi qaydada istifadə edə bilər. Külək enerjisi dirəkləri, yaxud günəş panelləri quraşdırıb ondan istifadə edərlər. Kütləvi şəkildə buna keçid isə hələ ki, iqtisadi baxımdan sərf etmir. Vaxt gələcək, alternativ enerji mənbələrindən az qala bütün sahələrdə istifadənin şahidi olacağıq. Lakin indi deyil.