Şəhid ailələri və müharibə əlillərinə sosial dəstək:“Proqramlar uğurla icra olunur”

Prezident İlham Əliyev daim şəhid ailələri və müharibə əlillərini xüsusi qayğı ilə əhatə edib. Dövlət başçısının fərman və sərəncamları ilə həmin kateqoriyadan olanların sosial təminatı mütəmadi gücləndirilib. Onlara yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib.  Eyni zamanda, Prezident İlham Əliyevin göstərişi ilə həmin kateqoriyadan olanların mənzillə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. 

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara 3 min mənzil, ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və ya fərdi ev verilib.Mənzillə təminat proqramı Vətən Müharibəsi Qəhrəmanları, digər həssas qruplardan olanları (gözdən əlilliyi olanlar, dövlət uşaq müəssisələrinin məzunları) da əhatə edib.Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Abşeron rayonunda yaşayış binaları inşa etdirilərək dövlət uşaq müəssisələrinin məzunlarına verilib. Həmin binalarda  365 məzun evlə təmin olunub. Həmin proses son illərdə müxtəlif ərazilərdəki yeni yaşayış komplekslərində də həyata keçirilir.  Bu da, sosial proqramların əhatə dairəsinin daha da genişləndiyini göstərir.

Bu 4 ildə daha 1450-dək müharibə əlili minik avtomobili ilə təmin edilib. Onların sayı 7400-ə çatıb. Bundan başqa, qeyd edək ki, həssas qruplarla bağlı yeni sosial dəstək proqramları həyata keçirilib. Prezident İlham Əliyevin 2018-ci ilin aprelində dövlət başçısı seçildikdən sonra ilk imzaladığı Fərman məhz şəhid ailələri ilə bağlı olub. Bu da, ölkə rəhbərinin vətəndaşlarına qarşı xüsusi həssaslığını bildirir.

Cənab Prezidentin həmin Fərmanı ilə şəhid ailələri barədə daha bir sosial dəstək layihəsi hazırlanıb. 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının - 12 min şəhidin 18 mindən çox vərəsəsinə 11 min manat birdəfəlik ödəmə verilməsi proqramı uğurla icra edilib. 

Dövlət başçısının 2021-ci ilin dekabr ayında imzaladığı Fərmanla isə daha bir mühüm sosial proqramın icrasına hazırlıq işləri aparılır: 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanaraq əlilliyi müəyyən edilən şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə də yaxın vaxtlarda birdəfəlik ödəmə verilməsinə başlanacaq.
Eyni zamanda, Prezident İlham Əliyevin tapşırığı ilə bu ilin ilk rübündə 44 günlük Vətən müharibəsi iştirakçıları ilə bağlı da sosial dəstək proqramına başlanılıb və uğurla icra edilib: “Müharibə veteranı” adı verilən şəxslərə Prezidentin aylıq təqaüdünün təyinatı prosesi həyata keçirilib.

 Prezidentin sosial təminat və dəstəklə bağlı addımlarını  müsbət dəyərləndirən iqtisadçı-eskpert  Fuad İbrahimov “Sherg.az”a bildirib ki, normal cəmiyyətdə bunlar olmalıdır:

“Torpaqlarımızın azadlığı uğrunda qanını və canını qurban verən soydaşlarımız daim nəzərdə saxlanılmalıdır. Əlbəttə ki, təkcə hökümətin yox, istənilən vətəndaşın onlara borcu var. Bu qəbildən olan şəxslərin ailələrinə hörmət göstərilməli, ruhlarını şad etməliyik. Bununla bağlı tədbirlər cənab Prezident tərəfindən mərhələli şəkildə həyata keçirilir”.

F.İbrahimov vurğulayıb ki, bahalaşma dövründə sosial yönümlü addımların atılması vacibdir:

“Dünyada ərzaq məhsulları və xidmətlərin qiyməti artır. Eləcə də, Azərbaycanda bu hal müşahidə olunur. Kommunal xərclərdə bahalaşma özünü büruzə verir. Həmin nöqteyi-nəzərdən ölkə rəhbəri sosial dəstək proqramlarını maksimal şəkildə diqqətdə saxlayır. Paketlərin artırılması ilə bağlı hökümət layihələr hazırlayıb təqdim edir, cənab Prezident də imzalayır. Bu addımları müsbət qarşılayıram”.

İqtisadçı mövzu ilə bağlı son fikirlərini qeyd edib:

“Bir şeyi də nəzərə almaq lazımdır ki, bütün proseslər günün tələblərinə uyğun getməlidir. Ən azından xərclə gəlir arasındakı fərq gəlirin nisbətində olsa, daha yaxşı olar”.