BƏDBİN PROQNOZ:“İnflyasiya göstəriciləri ciddi şəkildə artacaq”

“Elman Rüstəmov açıqlamışdı ki, artıq 2022-cil ərzində 7-8 faiz, bir sözlə hədəfin qat-qat üzərində bir inflyasiya gözləntisindəyik”

“Təbii ki, pandemiya və Rusiya-Ukrayna müharibəsi də bunun üzərinə gəlir”

Dünya Bankı (WB) bu il Azərbaycanda illik inflyasiyanın 9 % olacağını proqnozlaşdırır.  Bu barədə Dünya Bankının hesabatında bildirilib. Hesabata əsasən, 2023-cü ildə Azərbaycanda illik inflyasiya bir qədər azalaraq 6,6 faizə, 2024-cü ildə isə 6 faizə enəcək.
Xatırladaq ki, Dünya Bankının ötən ilin oktyabr hesabatında Azərbaycanda bu il üçün illik inflyasiyanı 4,5 faiz, 2023-cü ildə isə 4,1 faiz səviyyəsində proqnozlaşdırılırdı.

Qeyd edək ki, Rusiya-Ukrayna münaqişəsi dünyada ciddi dəyişiklik yaradıb. Bu təsir, xüsusilə, iqtisadi sahələrdə özünü göstərir. Baş verənlər Azərbaycandan da yan ötməyib. Bəzi ekspertlər müharibənin ölkəmizdəki illik inflyasiyanın yüksəlməsinə səbəb olacağını bildirib.

İnflyasiya ilə bağlı “Sherg.az”a münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, Rusiya-Ukrayna məsələləri birbaşa olaraq Azərbaycanda inflyasiyanın hədəf göstəricisinin qalxmasına gətirib çıxaracaq;

“Ən azından 2022-ci il üçün inflyasiya böyük ehtimalla 20 faiz ətrafında ola bilər. Çünki ölkəyə idxal olunan hər 100 dollarlıq məhsulun 24 dollarını biz Rusiya və Ukraynadan alırdıq. Bir sıra məhsullar üzrə, xüsusilə də, ciddi asılılıq vardı. Məsələn, idxal olunan quş ətinin 71 faizini, kərə yağının hər 100 kq-nın 21 faizini rəsmi Kiyevdən alırdıq. Ölkədə istehlak olunun 100 kq kərə yağının 8 kq-ı  Ukraynanın payına düşürdü. Ötən il ölkəyə 220 milyon dollarlıq bitki yağı idxal oldu. 110 milyonu Rusiyanın payına düşürdü”.

 R.Həsənov taxılın bahalaşmasını xüsusi vurğulayıb:

“Çünki Ukraynada istehsal prosesi pozulub. Ərzaq məqsədli taxılın özünün 98 faizi Rusiyadan idxal olunurdu. Dünya bazarına çıxarılan hər 100 kq-lıq taxılın 27 kq-ı Rusiya və Ukraynanın payına düşürdü. Ona görə də, taxıl sürətlə bahalaşır. Təzyiqləri nəzərə almaq lazımdır. Müharibə başlamazdan əvvəl, yəni yanvar ayında Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmov açıqladı ki, biz artıq 2022-cil ərzində 7-8 faiz, bir sözlə hədəfin qat-qat üzərində bir inflyasiya gözləntisindəyik. Təbii ki, pandemiya və Rusiya-Ukrayna müharibəsi də bunun üzərinə gəlir. Göstəricilər ciddi şəkildə artacaq”.

Ekspert 2023 və 2024-cü illərdəki illik inflyasiyanın azala biləcəyini izah edib:

“İnflyasiyanın aşağı səviyyəyə düşmə ehtimalı var.  Çünki bu, davamlı ola bilməz. Bu gün faktiki olaraq qlobal inflyasiyanı dəstəkləyən əsas faktor pandemiya idi. Demək olar ki, pandemiyanın təsirləri artıq azalır. İqtisadi fəaliyyətlər və istehsal prosesi bərpa olunur. Bu, bazarda təşkili dəstəkləyən əsas amildir. Eyni zamanda hökümətlərin iqtisadiyyatı dəstəkləmək üçün “isti pul kütləsi”ndən istifadə etməsi, dövriyyəyə əlavə pul kütləsi daxil etmə siyasətləri nisbətən yavaşlayır. Əslində, əvəzində sərt pul-kredit siyasətlərinə keçid baş verir.  Avropa Mərkəzi Bankı artıq bu istiqamətdə qərarları qəbul edir. Həmçinin gözlənilir ki, Britaniya, Yaponiya və Çin mərkəzi bankları da bənzər məsələlərə qərar versin. Bütün bunlar müəyyən mənada növbəti illərdə inflyasiya təzyiqlərini neytrallaşdıracaq. 

Pul kütləsinin azalması yolu ilə tələbin aşağı salınması, istehsalın bərpası ilə təşviqin artırılması bu istiqamətdə əsas tarazlaşdırıcı rolunu oynayacaqdır”.