Parklardakı atraksionlarda qiymətlər “əl yandırır”  - “Bu az qala sosial terrordur” – Nə etməli?

Elçin Bayramlı:“Niyə uşaq öz uşaqlığını yaşamasın? Bu uşaqlar üçün psixoloji travmadır. Biz özümüzə gələcəkdə nifrət edən nəsil yetişdiririk”

“Bu uşaqlar gələcəkdə öz ölkəsinə buna görə nifrət edəcək. Bu çox pis tendensiyadır”

“Ona görə, bütün atraksionları bələdiyyənin nəzarətinə vermək lazımdır və tender elan olunmalıdır”

Son zamanlar parklarda müşahidə olunan  bahalıq əhalinin böyük qisminin narazılığına səbəb olur. Xüsusilə də, valideynlərin uşaqları ilə üz tutduğu parklardakı qiymətlər “əl yandırır”. Azyaşlılar üçün nəzərdə tutulmuş atraksionların qiymətləri isə “ceyran belindədir”. Çox qısa müddət üçün tələb olunan məbləğ parklara üz tutan insanlarınn ciddi reaksiyasına səbəb olur.

Sözügedən mövzu ilə bağlı “Sherg.az”a danışan "Sağlam Cəmiyyət”  Hərəkatının rəhbəri,  sosioloq, jurnalist  Elçin Bayramlı bildirib ki, bu parklardan cəmiyyətin bütün təbəqələri  istifadə edə bilməlidir:

“Parklarda atraksiyonlar sahibkarlara məxsusdur və onlar park rəhbərliyinə icarə haqqı verir. Dənizkənarı Milli Parkda xüsusilə bahalıqdır. Həmin parkın digərlərindən  fərqli olaraq, milli park statusu var. Yəni, bu park bütün sosial təbəqələr  üçün əlçatan olmalıdır. Amma heç orta təbəqə də bu parklarda uşaqları ilə istirahət edə bilmir. Qiymətlər həddən artıq bahadır”.

Ekspert qeyd edib ki, qiymətlərin baha olmasında rüşvət amili də var:

“Hər adamı atraksion qoymağa buraxmırlar. Həm də həmin şəxslərdən rəsmi və qeyri-rəsmi ödənişlər alırlar. Onlar da məcbur olub qiyməti  baha edirlər. Digər şəhər parklarında da belədir. Ən ucuz atraksiyon 1-2 manatdır. Hətta “Şeytan Çarxı” atraksionunda qiymət səhv etmirəmsə, 6  manatdır.  Adi bir yelləncəkdir, 100 insan eyni anda ondan istifadə edə bilir. Onun maya dəyəri nədir ki?! Belə çıxır, onlar gün ərzində 10 min manat qazanmaq istəyirlər”.

E.Bayramlı  sözügedən məsələ üçün çıxış yolunu parkların bələdiyyə nəzarətinə verilməkdə görür:

“Bu, belə olmamalıdır. Bütün ölkələrdə istirahət parkları, açıq idman mərkəzləri  bələdiyyənin nəzarətindədir. Bizdə də eyni qayda tətbiq olunmalıdır. Təkcə atraksiyonlar yox, velosiped sürmək və tennis oynamaq üçün  qiymətlər də həddən artıq bahadır. 

Bu biabırçılıqdır, qarşısını almaq lazımdır. Çünki ölkənin hamısı heç də imkanlı deyil. Az təminatlı təbəqlər də var. Sağlam gələcək nəsil böyütmək istəyiriksə, ölkəmizdə uşaqları sındırmamalıyıq. Niyə uşaq öz uşaqlığını yaşamasın? Bu uşaqlar üçün psixoloji travmadır.

 Biz özümüzə gələcəkdə nifrət edən nəsil yetişdiririk. Bu uşaqlar gələcəkdə öz ölkəsinə buna görə nifrət edəcək. Bu çox pis tendensiyadır, az qala sosial terrordur. Ona görə, bütün atraksionları bələdiyyənin nəzarətinə vermək lazımdır və tender elan olunmalıdır. 

Bu özlərinə də xeyir edəcək. Sərf edilən eyni enerjiyə daha çox insan maraq göstərəcək”.