Elman Rüstəmov ikinci devalvasiyadan sonra getməli idi: Yeni sədrdən böyük gözləntilər...

Prezident İlham Əliyev Taleh Tahir oğlu Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. 
Bununla bağlı Prezident.az məlumat yayıb.

Qeyd edək ki, Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmov aprelin 12-i vəzifədən azad edilib. Onun getməsindən sonra bank sahəsində atılacaq addımlar müzakirə predimetinə çevrilib. Çünki Azərbaycanda illik inflyasiyanın 9 faiz olacağı proqnozlaşdırılır. Belə ağır vəzyyətdə hansı tədbirlər görülə bilər?

Mövzu ilə bağlı “Sherg.az”açıqlama verən iqtisadçı - ekspert Asif İbrahimov Azərbaycanın özünəməxsus milli iqtisadi modelinin mövcud olduğunu bildirib:

“İqtisadiyyatımızı 3 perioda bölmək olar: 1994-cü ilə qədər olan, 1994-2012 və  2012-2015 periodlar. 1994-cü il dedikdə "Əsrin müqaviləsi"ni nəzərdə tuturam. 2012-ci ilə qədər dedikdə tikinti, tullantı və neft vəsaitlərinin axınını qeyd edirəm. 2015-ci ildə isə devalvasiya vardı. Milli manatımız xarici valyutalar qarşısında öz dəyərini itirməyə başladı. 2015-ci ilə qədər Azərbaycan bank sistemi fərqli işləyib. Bir növ kassa sistemi idi. Məsələn, hamsının bankları vardı. Həmin ildən sonra artıq beynəlxalq praktika və standartların tətbiqi həyata keçirilməyə başladı. Nisbətən təkmilləşdirmə işləri aparıldı. Buna baxmayaraq postsovet ölkələri ilə, məsələn, Qazaxıstanla müqayisə etdikdə görərik ki, onlar bizdən qat-qat irəlidədi”.

A.İbrahimov hesab edir ki, bank sahəsində ciddi islahatlar aparılmalıdır:
“Oradakı problemlərimiz hansısa şəxsin problemi deyil. Ümumi sistemə məxsus məqam idi. Təkmilləşdirmə zərurəti olan bir çox məsələlər mövcud olub. Hazırda da var. 2015-dən 2022-ci ilə qədərki prosesi fikirləşdikdə, təbii ki, bir çox sahələrdə inkişaf var. Mərkəzi Bankın bir çox qaydalarında, təlimatlarında banklara qoyduğu yanaşmada proqressivlik özünü büruzə verir”.

Ekspert Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovdan bəhs edib:

“İnflyasiya, devalvasiya və s. kimi proseslər Elman Rüstəmov və ya başqasının vəzifədə olmasından asılı deyil. Hazırda iqtisadiyyatımızın əsasını neft gəlirləri təşkil edir. Bu situasiyadan asılıdır.  Məncə, Elman Rüstəmovla bağlı verilən qərar gecikdirilib. İkinci devalvasiyadan sonra artıq bu qərar verilməliydi. Mərkəzi Bankın rəhbərliyinə yeni perspektivli kadrların verilməsini müsbət addım kimi qiymətləndirirəm. Bunun bank sahəsi üzrə dünya praktikasında beynəlxalq standartların tətbiqini ön plana çıxardacağını fikirləşirəm. Bu cəhətdən nailiyyətlərimiz yaxın 2 il ərzində gözəçarpan olacaq”.