“Manatın dəyərinin tənzimlənməsinə getmək lazımdır” - Xarici şok altına düşə bilər

“Bir manatlıq əskinasın metal əskinaslarla əvəz edilməsini həyata keçirmək gərəkir”

“Dollarla müqayisədə sərbəst üzən məzənnə siyasətini müəyyən həddə qədər buraxmaq olar”

“Hesab edirəm ki, bu, Azərbaycan iqtisadiyyatı üçün də faydalı olacaq”



Tanınmış jurnalist, iqtisadçı-ekspert Razı Abasbəyli  öz feysbuk hesabında manatın görkəminin dəyişəcəyi barədə yazıb.
“Manatın görkəmi dəyişəcək. Dəyəri ilə bağlı rasional islahat aparılacaq. Dəyər qazanacaq, dəyər itirəcək bəlli deyil. Amma 1 AZN metaldan olacaq böyük ehtimal”,-deyə bildirib.

Bunun səbəbini “Sherg.az”a izah edən Razı Abasbəyli bildirib ki, dünyada baş verən Rusiya-Ukrayna müharibəsindən dolayı iqtisadi problemlər  dünyanın dünyanın tenderində çox ciddi qırılmalara və gərginliyə gətirib çıxarıb:

“Bu da nəticə etibarilə qiymətlərin bahalaşmasına və bir sıra ölkələrin vətəndaşlarının alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub. Əlbəttə ki, bu həm də Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin milli valyutalarına təsirləri gücləndirib. Azərbaycan kimi ölkələrin daxili valyutaları xarici şoklar altına düşüb. Nəticədə valyutaların yenidən konvertasiya edilməsinə  və dəyərilə bağlı müəyyən qərarların verilməsinə  zərurət yaradır”.

Ekspert bildirib ki, Azərbaycanda da manatla bağlı müəyyən islahatlar aparılmalıdır:

“Çox sərt, radikal qərarlar verilməsə belə, indiki situasiyaya uyğun olaraq, bir sıra önləyici tədbirlər həyata keçirmək lazımdır. Xüsusilə də manatla bağlı qərarlar verilməlidir. Əgər qarşıdan gələn turizm mövsümünü nəzərə alsaq, Azərbaycan manatının süni olaraq dəyərdə saxlanılması yox, real bazar dəyərinin tənzimlənməsinə getmək lazımdır. 

Çünki Rusiya həm də böyük bir turizm bazarı deməkdir. Bu turistlərin Azərbaycana cəlb edilməsini qarşıdakı mövsümdə həyata keçirmək olar. 

Bunun üçün də zəifləməkdə olan rus rubl ilə müqayisədə Azərbaycan manatınında da müəyyən mənada dəyər azalmasına və yumşaq məzənnə siyasətinə keçmək lazımdır. Ona görə qeyd etmişdim ki, manatın real bazar dəyəri ilə bağlı islahatlar aparılmalıdır. Bir manatlıq əskinasın metal əskinaslarla əvəz edilməsini həyata keçirmək gərəkir.  

Dollarla müqayisədə sərbəst üzən məzənnə siyasətini müəyyən həddə qədər buraxmaq olar. Hesab edirəm ki, bu, Azərbaycan iqtisadiyyatı üçün də faydalı olacaq”.