Vüqar Bayramov: Rusiya defoltan yayınmağa, Qərb isə iqtisadi təzyiqlərini artırmağa çalışır

“Rusiyanın satdığı mavi qazın haqqının hansı valyutada ödənilməsi hələ də Avropada müzakirə edilən məsələlərdəndir”. 

“Sherg.az”ın xəbərinə görə, bunu millət vəkili Vüqar Bayramov deyib. 

Deputat bildirib ki, Niderland hökuməti də Moskvaya rubl ilə ödənişlər etməyəcəyini bəyan edib: 

“Qeyd edək ki, ötən il Niderlandın Rusiyadan məhsul idxalı 18.4 milyard avro olub və onun da 87 faizi xam materiallar, o cümlədən neft və qaz idi. Yeri gəlmişkən, Avropa Birliyindən yalnız Macarıstan Rusiyaya mavi qaza görə rubl ödəməkdə maraqlıdır. Bu arada Rusiya Mərkəzi Bankı rublun dollara məzənnəsini 82.6 bəndədək möhkəmləndirib. Yəni, rəsmi kursa əsasən, 1 dollar almaq üçün 83 rubldan az vəsait ödəmək lazımdır. Bununla yanaşı, bazarda daha doğrusu “qara bazarda” rublun kursu daha aşağıdır. Xüsusən böyük məbləğdə nağd dollar almaq üçün rəsmi məzənnəyə nisbətən daha çox rubl tələb edir. Rəsmi Moskva üçün mavi qazı rubla satmaq bir tərəfdən milli valyutasının məzənnəsi, digər tərəfdən isə xarici borc öhdəliklərini həyata keçirmək baxımdan vacibdir”. 

V.Bayramova görə, Rusiyanın defolt olmaq təhlükəsi beynəlxalq qiymətləndirici şirkətlərin ən çox müzakirə etdiyi məsələlərdəndir: 

“Rusiyanın Avropaya enerji idxalının həcminin 2021-ci ildə 108 milyard dollar olduğunu nəzərə aldıqda mavi qazın rubla satılmasının Moskva üçün əhəmiyyətini təsəvvür etmək çətin olmaz. Söhbət həmin məbləğdə vəsaitin Rusiya bankı vasitəsi ilə rubla çevrilməsindən gedir. Hələlik Moskva ilə Brüssel arasında digər bütün məsələlərdə olduğu kimi enerji ödənişləri üzrə valyuta növü ilə bağlı da anlaşma əldə etmək mümkün olmur. Görünən odur ki, Rusiya defoltan yayınmağa, Qərb isə iqtisadi təzyiqlərini artırmağa çalışır”.