Ayrı-seçkilik narazılıq yaradır

Bütün ixtisaslar üzrə həkimlərin əmək haqqına artımlar edilməlidir

"Əmək haqqı artımı çox müsbət haldır. Sabit əlavələr də vacibdir. Həkim biləcək ki, ayın sonunda dəqiq nə qədər əmək haqqı alacaq"

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin qərarı ilə 1 iyun 2022-ci il tarixindən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan həkimlərin aylıq vəzifə (tarif) maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunacaq.

 Agentlikdən verilən məlumata görə, bununla da həkimlərə ödəniləcək əməkhaqqının məbləği vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra vəzifə (tarif) maaşı və sabit həvəsləndirici əlavələrlə birlikdə minimum 1000 manat təşkil edəcək. Artım həkim-stomatoloqlar istisna olmaqla, həm ambulator, həm də stasionar şəraitdə xidmət göstərən bütün ixtisaslı həkimlərə şamil olunur. Bununla bağlı müvafiq dəyişiklik “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda öz əksini tapıb. Səhiyyə işçilərinin əməkhaqlarının artımı ilə bağlı budəfəki dəyişiklikdən təxminən 19 minə yaxın səhiyyə işçisi faydalanacaq. Məsələn, həkim kardioloqun 12-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 468 manatdır. Həkim kardioloqun vəzifə (tarif) maaşına 800 manat sabit əlavə tətbiq edilir. Bundan başqa həkim kardioloqa ambulator və stasionar fəaliyyət üzrə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr ödənilir. 

468+800=1268 manat + işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr. Dəyişikliyə əsasən səhiyyə xidmətlərinin təşkili şöbəsinin həkimlərinə (həkim-stomatoloq istisna olmaqla) və ailə həkimi ixtisasları üzrə çalışan həkimlərə verilən aylıq həvəsləndirici əlavələrin məbləği də artıb. Belə ki, onların aylıq vəzifə (tarif) maaşına tətbiq edilən aylıq sabit həvəsləndirici əlavənin məbləği 500 manata çatdırılıb. Tibb müəssisələrində psixoloq, loqoped və pedaqoq, müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsində çalışan mütəxəssislərə verilən sabit aylıq həvəsləndirici əlavələrin məbləği də artaraq 500 manat təşkil edir. Ailə həkiminin 12-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 468 manatdır. Vəzifə (tarif) maaşına 500 manat sabit əlavə tətbiq edilir: 468+500=968. 

 Eyni zamanda sabit həvəsləndirici əlavələr verilən həkimlərin siyahısına təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (şöbə və bölmələrinin), təcili tibbi yardım şöbə və bölmələrinin həkimləri əlavə olunub. Onlar üçün 250 manat məbləğində sabit həvəsləndirici əlavələr müəyyən olunub. Xatırladaq ki, hazırda sözügedən sahədə çalışan həkimlərin aylıq vəzifə (tarif) maaşları 2 dəfə artım əmsalı tətbiq edilməklə müəyyən edilir. Qeyd edək ki, artım şamil edilən həkimlərin məvacibinə həmçinin Qaydanın 6-cı bəndində qeyd edilən əmək şəraitinə görə əlavələr hesablana bilər. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

Həkimlərin aylıq vəzifə maaşının artmasıyla bağlı fikirlərini “Şərq”lə bölüşən pediatr Vaqif Qarayev qeyd etdi ki, əmək haqqı artımı, əlbəttə müsbət haldır, lakin həkimlər arasında ayrı-seçkilik narazılıq yaradır: 

- Maaş artımı niyə bütün həkimlərə şamil edilmir, stomatoloqları, USM həkimlərini niyə əhatə etmir? Bu, həkimlər arasında narazılıq yaradır. Bu da başadüşüləndir. Hər həkim düşünə bilər ki, niyə o alır, mən yox?!. Ümumi götürüldükdə, əmək haqqı artımı çox müsbət haldır. Sabit əlavələr də vacibdir. Həkim biləcək ki, ayın sonunda dəqiq nə qədər əmək haqqı alacaq. İşin nəticələrinə görə aylıq həvəsləndirici əlavə də, icbari tibbi sığorta üzrə pasiyent qəbulunu nəzərdə tutur. Həkim ay ərzində nə qədər pasiyent qəbul edəcəksə, bunun müqabilində əmək haqqına əlavələr olacaq. 

V.Qarayev bildirdi ki, həkimlərin əmək haqqının artması vətəndaşla həkim arasında nağd ödəməni aradan qaldırmalıdır: 

- Dünyanın heç bir yerində bizdəki kimi vətəndaşın həkimin cibinə, ovcuna pul “basması” ənənəsi yoxdur. Həkimin pulla əlaqəsi olmamalıdır. Birbaşa həkimə ödəniş edilməməlidir. Bu, həkimin nüfuzuna böyük  zərbədir.  Həkim çalışmaq istədiyi tibb müəssisəsi ilə müqavilə bağlamalı və işini görməlidir. Ödənişlər də ya icbari tibbi sığorta tərəfindən ödənilməlidir, ya da özəl tibb müəssisəsidirsə, müəssisəyə ödəniş edildikdən sonra həkim pasiyenti qəbul etməlidir. İxtisasa görə yüksək əmək haqqı alan həkimlər var. Məsələn, kardio-cərrahlar və neyro-cərrahlar hazırda dünyada ən yüksək əmək haqqı alan həkimlərdir. 

Çünki 10-12 saatlıq əməliyyatlar edirlər. Bununla belə, ixtisasa görə, həkimlərin əmək haqqı artımının fərqlənməsi düzgün deyil. Bir halda ki,  ölkə üzrə icbari tibbi sığorta tətbiq edilir, bütün ixtisaslar üzrə həkimlərin əmək haqqına artımlar edilməlidir. Ayrı-seçkilik qoyulmamalıdır.