Yumurta həyəcanı: Qiymət bahalaşdı, istintaq başladıldı

Türkiyə Rəqabət Qurumu yumurta sektoruna qarşı istintaq başladıb. Səbəb yumurtanın qiymətinin bütün satış mərkəzlərində süni şəkildə eyniləşdirilməsidir. Rəqabət Qurumu hesab edir ki, bu kimi hallar normal rəqabət mühitinə ziyan vurur, süni bahalaşma yaradır. Qurum daxil olan müraciətlər əsasında ortada şübhələr olduğu nəzərə alınaraq yumurta sektorundakı şirkətlərə qarşı iddia qaldırıb. Yumurta İstehsalçıları Mərkəzi Birliyi və birliyə bağlı 25 üzv haqqında istintaq aparılacaq. 25 üzv şirkət Türkiyənin 10-a yaxın bölgəsini əhatə edir.

İstintaq Rəqabət qanununun 4-cü maddəsinin pozulub-pozulmadığını, rəqabət mühitinin süni şəkildə aradan qaldırıldığını araşdıracaq. Bu barədə Türkiyənin "SNN Türk" kanalında məlumat verilib. Bildirilir ki, Rəqabət Qurumu yumurta istehsalçılarının sözü bir yerə qoyaraq yumurta ilə bağlı vahid qiymət müəyyənləşdirdiyindən, Mərkəz Birliyində bütün üzv şirkətlərə yumurta satışını bu qiymətlərlə həyata keçirmək tapşırığı verdiyindən şübhələnir. Rəqabər Qurumu bu durumun rəqabət mühitinə zərbə vurduğunu, süni qiymət artımını şərtləndirdiyini qeyd edir.

Xatırladaq ki, hazırda bizdə broyler yumurtasının qiyməti 19 qəpiyə qalxıb. Belə bir proses bizdə də başlaya bilərmi? 

 İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında Azərbaycanda uzun illərdir “Rəqabət Məcəlləsi haqqında” qanunun  qəbulunun dalana dirəndiyini dedi: 

 - Əgər “Rəqabət Məcəlləsi haqqında” qanun olsa, süni bahalaşma, qiymət sövdələşmələri indiki kimi asanlıqla həyata keçirilə bilməyəcək. Bu qanun yoxdur deyə, işbazlar rahatlıqla istədiklərini edir. Amma görürsünüz, qardaş Türkiyədə dövlət nəzarəti həyata keçirilir. Baxmayaraq ki, orda da bazar iqtisadiyyatı, sahibkarlıq subyektləri çox inkişaf edib, yerli istehsal, idxal, ixrac məsələlərində özəl sektora geniş hüquqlar, imkanlar verilib, lazım olan anda dövlət problem həll etmək üçün hərəkətə keçə bilir. Bizim ən böyük çatışmazlığımız Rəqabət Məcəlləsinin olmamağıdı. Halbuki, liberal iqtisadiyyatın əsasını bu məcəllə təşkil edir. Ən sağlam iqtisadiyyat Rəqabət Məcəlləsiylə mümkün olur. 
Türkiyədə yumurta istehsalçılarının sövdələşməsinə gəlincə, F.İbrahimov bizim bazarda da belə sövdələşmələr aparıldığını bildirdi: 
- İri marketlər öz şərtlərini diktə edir. Məhsulun piştaxtaya çıxarılması üçün şərt irəli sürürlər; məhsulu bu qiymətə alacağıq, bu qiymətə satacağıq. Digər marketlər də ucuz satmamalıdır. Qiymət hər yerdə eyni olsun, rəqabət mühiti yaranmasın. Ona görə də ərzağın, digər məhsulların qiymətində bahalaşma gedir.  Bununla 20-30 faiz əlavə gəlir əldə edirlər, vətəndaşlarsa məhsul əldə etməkdə maddi sıxıntı yaşayır.