Uşaqpulu tələb etdilər, uşaqlara konfet paylandı


Bu aksiya ölkədə aksiya mədəniyyətinin formalaşmağa başladığını da göstərir

"Təsəvvür edin, əgər o aksiyada uşaqlar valideynlərinin polis zorakılığı ilə üzləşdiyini görsəydilər, necə olardı?"

1 İyun- Beynəlxalq Uşaqların Müdafiəsi Günü  Milli Məclisin binası qarşısında maraqlı aksiya keçirilib.  Aksiya uşaq pullarının ödənilməsiylə bağlı keçirilib.  Amma daha çox diqqət çəkən hüquq-mühafizə orqanlarının aksiyaya heç bir müdaxilə etməməsi, əksinə, Milli Məclis binası önünə valideynləri ilə gəlmiş uşaqlara qayğı ilə yanaşmaları olub. 

Görüntülər dünən sosial şəbəkələrdə, internet resurslarda yayılıb və xeyli sayda bəyənmə toplayıb. Görüntülərdə xüsusilə qadın polislərin qadınlara, uşaqlara qarşı həssas davrandığı, onlara sərin su təklif etdiyi, uşaqları isə şirniyyata, “Snikers” konfetlərinə qonaq etdiyi əks olunub.

Aksiyaya polis müdaxiləsi olmayıb. Aksiya iştirakçılarından bir neçəsi Milli Məclisə dəvət edilib. Görüşdə iştirak edən aksiya iştirakçıları Sevda İsmayılova və Tünzalə Əmirova bildiriblər ki, uşaqpulunun verilməsi Milli Məclisin səlahiyyətində olan məsələ deyil və onlara tövsiyə edilib ki, bununla bağlı Nazirlər Kabinetinə rəsmi formada müraciət etsinlər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ötən ilin dekabrında APA-ya verdiyi açıqlamada qeyd etmişdi ki, ölkədə demoqrafik vəziyyət müsbət olduğu üçün hökumət əlavə stimullaşdırmaya ehtiyac duymur: "Hazırda Azərbaycanda 2,7 milyon nəfərdən çox yaşı 18-ə qədər olan uşaq var. Ayda 100 manat uşaqpulu təyinatı aparılması təkliflərini nəzərə alsaq, bu, illik 3,3 milyard manat vəsait edir. Sosial proqramlar adətən 10 illik hazırlandığına görə, bu müddət ərzində uşaqpulu təminatı üçün 30 milyard manatdan çox pul tələb olunur". 

“Snikers”li aksiyanın alqışlanmalı olduğunu deyən sosioloq Əhməd Qəşəmoğlu “Şərq”ə açıqlamasında bunu müsbət dəyişiklik kimi qiymətləndirdi:

- Ümumiyyətlə, son zamanlarda Daxili İşlər Nazirliyi strukturunda müsbət dəyişikliklər baş verməkdədir. Daxili işlər naziri, nazir müavinləri, nazirliyin yüksək vəzifəli əməkdaşları ilə görüşlər keçirən, müzakirələr aparan hüquq müdafiəçiləri də qeyd edir ki, hüquq-mühafizə orqanları əməkdaşlarına aksiyalar zamanı kobud davranmamaq, ehtiyac duyulmadığı təqdirdə aksiyalara müdaxilə etməmək tapşırığı verilir. DİN polisin müsbət imicinin formalaşmasında maraqlıdır. Polis öz vəzifə borcunu, funksiyasını yerinə yetirməlidir, lakin yersiz müdaxilələrə artıq icazə verilmir, buna mənfi yanaşılır. Polis qarşısında öz vəzifə borcunu yerinə yetirməklə yanaşı, həm də mədəni davranış sərgiləmək tələbi qoyulur. Hesab edirəm ki, 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü Milli Məclis binası qarşısında keçirilən dinc aksiyaya hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən müdaxilə edilməməsi, əksinə, həssas və mədəni davranış sərgilənməsi də daxili təlimatdan irəli gəlir. Və bu, alqışlanmalıdır. 

Ə.Qəşəmoğlu aksiyada uşaqların valideynləri ilə birlikdə iştirakının polisin davranışlarına müsbət təsir etdiyini dedi: 
- Təsəvvür edin, əgər o aksiyada uşaqlar valideynlərinin polis zorakılığı ilə üzləşdiyini görsəydilər, necə olardı? Uşaqlar bundan böyük psixoloji zərbə alacaqdılar. Psixoloji zərbə fiziki zərbədən dəfələrlə ağırdır və uşaqlarda mənfi assosiasiya yaradır. Çox müsbət haldır ki, aksiyaya qadın polislər cəlb edilib və onlar uşaqlarla mehribancasına davranıblar. Uşaqlara psixoloji zərbə vurulmayıb. Uşaqların yaddaşında bu aksiya konfetlərlə qalacaq. Bu aksiya ölkədə aksiya mədəniyyətinin formalaşmağa başladığını da göstərir.