Biz də dünyanın bir parçasıyıq

Qlobal ərzaq böhranı qapımızın astanasındadır

Azərbaycan da bir sıra ölkələr kimi qənaət rejiminə keçməli, israfçılığın qarşısını almalıdır

İspaniya hökuməti qida məhsullarını zibil kimi atan restoran və mağazaların cərimələnməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyəcək. Bu barədə “El Pais” qəzeti xəbər verib. İspaniyanın iaşə obyektləri və mağazaları hər il təxminən 1,3 milyard kiloqram, yəni adambaşına orta hesabla təxminən 31 kiloqram ərzaq məhsulunu zibilliyə atır. Bu tendensiya ilə mübarizə aparmağa çalışan Krallığın Nazirlər Kabineti ərzaq itkilərinin qarşısının alınması ilə bağlı qanun layihəsini təsdiqləmək istəyir. 

Təşəbbüs qida zəncirinin bütün iştirakçılarından israfçılığın qarşısını almaq üçün plan hazırlamağı tələb edir. Qaydalara əməl etməyən barlar, restoranlar və mağazalar cərimələnə bilər. Plana əsasən artıq qalan ərzaq qida banklarına verilə bilər. Müəssisələr həmin təşkilatlarla məhsulların toplanması, saxlanması və daşınması şərtlərini müəyyən edən müqavilələr imzalamalıdır. Həmçinin artıq qalan meyvələrdən şirə və ya mürəbbə hazırlamaq mümkündür. Digər seçim isə ərzaq qalıqlarını heyvan yemi üçün istifadə etməkdir. Bundan başqa, restoranlar müştərilərə artıq qalan qidanı özləri ilə aparmağı təklif etməli, mağazalar isə yararlılıq müddəti bitən ərzaqların ucuz qiymətlərlə satışını stimullaşdırmalıdır. 

Qanun layihəsi təsdiqlənərsə, qaydalara əməl etməyən müəssisələr 2 mindən 60 min avroyadək, israfçılığa təkrar yol verdikləri halda isə 500 min avroya qədər cərimə ödəməli olacaq.
İspaniya hökumətinin belə bir qanun qəbul etməsinə, şübhəsiz, gözlənilən qlobal ərzaq böhranı barədə proqnozlar səbəb olub. Qlobal iqlim dəyişikliklərinin qlobal iqtisadi böhrana və bunun məntiqi davamı olaraq ərzaq böhranına səbəb olacağı ehtimalları yüksəkdir. Dünyada artıq neçə ildir ki, ərzaq qıtlığı yaşayan, əhalisi aclıq həddində olan ölkələr var. Qlobal iqlim dəyişiklikləri taxıl istehsalını azaldır, su böhranına gətirib çıxarır, təbii qidalar sürətlə sıradan çıxaraq yerini süni qidalara təhvil verir. Qarşıdakı təhlükəni nəzərə alan dünya dövlətləri ərzaq böhranının qarşısının alınması üçün müxtəlif vasitələr üzərində düşünürlər. Məsələn, uzun illərdir qardaş Türkiyə televiziyalarında yayımlanan mətbəx verilişləri, yemək hazırlığı yarışmalarında artıq qalan qidaların sahibsiz heyvan sığınacaqlarına təhvil verildiyi bildirilirdi. Qardaş ölkənin bəzi bölgələrində heyvandarlıqla məşğul olan fermerlər mal-qaranın yemlənməsində qida tullantılarından, artıq qalan qidalardan istifadə edirlər. Fermerlər kafe və restoranlarla əməkdaşlıq edir, qida artıqlarını əldə edərək mal-qaranı bunlarla yemləyirlər. 

Həm ərzaq israf edilmir, həm də ucuz əldə edilən qida – yem fermerə sərf edir. Ölkəmizdə belə bir təcrübənin nə dərəcədə formalaşdığına dair məlumatlar yoxdur. Bizdə hələ də zibil qutularına hər gün çörək atılır. Hətta böyük zibil yeşiklərinin yanında, ayrıca kiçik yeşik də qoyulur və üzərinə “çörək üçün”, xəbərdarlığı yazılır. Demək ki, bu ölkədə çörəyin zibilliyə atılacağı labüd hesab edilir, ona görə də guya ki, çörək ümumi zibilliyə atılmasın deyə, onun üçün xüsusi yeşik təşkil edirlər. Bu, xalqımızın çörəyə “hörmətidir”! Kafe və restoranlarımız müştəri masasından geri qayıdan qida artıqlarını nə edir, bu da tam aydın deyil. Bəziləri əməkdaşlarına qida artıqlarına sahib çıxmağa icazə verir. Amma elə kafe-restoranlar, şadlıq sarayları var ki, işçilərinə nəinki masadan geri qayıtmış bişmiş əti, digər xörəkləri, heç 1 parça çörəyi, 1 qaşıq “Paytaxt”, “Mimoza” salatını da rəva görmür. İşlənmiş qidanı soyuducuya yığıb ertəsi gün başqa müştərilərin önünə çıxarır, masaya düzür. Bəlkə bunu “təkrar emal” hesab edirlər, amma elə deyil. Bu, müştərini ələ salmaqdır, pulu ödənmiş qidadan ikinci, hətta üçüncü dəfə gəlir əldə etməkdir. Müştərini aldatmaqla haram qazanc əldə etməkdir. 

Qıtlıq, ərzaq böhranı qaçılmazdırsa, bunun qarşısının alınmasında hansı üsullardan istifadə etmək daha effektli olacaq?

Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı Vüqar Bayramov “Şərq”ə açıqlamasında qeyd etdi ki, qlobal ərzaq böhranı ərzaq israfçılığının minimuma endirilməsi zərurəti yaradır: 

- Məlumdur ki, ümumiyyətlə, dünya üzrə hər il kifayət qədər böyük həcmdə ərzaq israf olunur. Afrikanın bir sıra ölkələrində əhali aclıqdan əziyyət çəkdiyi, körpələr tələf olduğu, ağır xəstəliklərə yoluxduğu bir vaxtda hansısa ölkələrdə tonlarla ərzaq tullanır. Qlobal ərzaq böhranı göstərir ki, ərzaq israfının minimumlaşdırılması, ərzaq israfının qarşısının alınması vacibdir. Hazırda, xüsusilə inkişaf etmiş ölkələrdə yanaşma ondan ibarətdir ki, ərzaq israfının qarşısının alınması və itkilərin minimumlaşdırılması üçün müxtəlif vasitələrdən istifadə edilsin. Müxtəlif vasitələr dedikdə, ehtiyacların düzgün hesablanması və ehtiyac olduğu qədər istehsal, ərzağın, həmçinin digər zəruri tələbat mallarının düzgün paylanması, məsələn, dövlət müəssisələri (uşaq, təhsil müəssisələri, sığınacaqlar, idarə və təşkilatlar, xəstəxanalar və sair), artıq qidanın ehtiyac duyulan ünvanlara çatdırılması, istifadə müddətinin bitməsinə az qalmış ərzağın ucuz qiymətə, endirimlə satışı, kafe və restoranlarda, şadlıq saraylarında israfçılığın, ərzağın tullanmasının qarşısının alınması, o cümlədən təkrar emaldır.

 Azərbaycanda da oxşar praktikalar tətbiq edilə bilər. Təkrar emalın həcmini artırmaq olar. Artıq qalan ərzaq, qidaların paylana biləcəyi konkret ünvanlar müəyyənləşməlidir. Bu, heyvan sığınacaqları da ola bilər. Ümumiyyətlə, hər bir insan ərzaq və digər tələbat mallarını ehtiyacı olduğu qədər almalıdır. Bölgələrdə qida israfına o qədər də çox rast gəlinmir, çünki təsərrüfatlarda qida tullantılarından istifadə edilir. Lakin şəhər və qəsəbələrdə, bilirik ki, vəziyyət fərqlidir. 

Qıtlıqla üzləşməmək üçün ilk növbədə israfçılığın qarşısı alınmalıdır. Bununla bağlı dövlət proqramının hazırlanmasına ehtiyac var. Bu, ərzaq təhlükəsizliyinin formalaşmasına töhfə verə bilər.