Mal ətinin ucuzlaşmasını ağlınıza belə gətirməyin

Yalnız Qarabağda heyvandarlıq inkişaf etdirilərsə, qiymətlərin ucuzlaşması mümkün olar

     Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən “Kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”nda dəyişikliklər edilib. Nazirlər Kabinetinin  məlumatına görə, dəyişikliyə əsasən heyvanların identikləşdirilməsi fəaliyyəti sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi ilə yanaşı vahid sənədləşmənin tətbiq edilməsi, heyvan sahiblərinin identikləşdirilmə üçün bir heyvan üçün tələb olunan xərclərinin azaldılması təmin edilib.

 Belə ki, dəyişikliyə əsasən identikləşdirilmənin nəticəsi olaraq yalnız şəhadətnamə veriləcək və baytarlıq pasportunun alınması tələb olunmayacaq. Əvvəlki qaydalara əsasən hər heyvan və ya heyvan qrupu identikləşdirilməli və identikləşdirilmə nəticəsində heyvan sahibinə “baytarlıq pasportu” və “identikləşdirilmə haqqında şəhadətnamə” verilməli idi. Baytarlıq pasportunun alınmasına görə isə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda 20 manat dövlət rüsumu nəzərdə tutulurdu. Dəyişiklik nəticəsində isə hər bir heyvana görə baytarlıq pasportunun alınması zərurəti aradan qalxır artıq və nəticə etibarilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi də tələb olunmayacaq. Bu isə öz növbəsində heyvan ətinə çəkilən xərcin azalmasına səbəb olacaq.

     Məlum dəyişiklik heyvan ətinin qiymətinin ucuzlaşmasına səbəb ola bilərmi? “Şərq”ə cavabında iqtisadçı Natiq Cəfərli qeyd etdi ki, bu vaxta qədər baytarlıq pasportu üçün 20 manat, sertifikat üçün də əlavə 5 manat tələb olunurdu. Artıq bu tələblər ləğv edilir. Yəni heyvan sahibləri pasport və sertifikatlaşdırma üçün əlavə xərcdən azad edilir: 

- Lakin bu xərclər kiçik rəqəmlər olduğundan heyvan ətinin qiymətinin ucuzlaşmasına əsaslı təsir göstərməsi çətindir. Xırda buynuzlu heyvanların qiymətinə bir qədər təsir göstərə bilər. Çünki qoyun, quzunun çəkisi iri buynuzlu heyvanlara nisbətən azdır. Bu da uzaqbaşı 80 qəpik-1 manat civarında olacaq. 

 Amma mal ətinin ucuzlaşmasını gözləmək yersizdir. 25 manat əlavə xərcin aradan qalxmasının 150-300 kiloqramlıq dananın maya dəyərində o qədər də çəkisi yoxdur. Bu, mal ətinin qiymətinə təsir edə bilməz.  Ona görə də dana ətinin qiymətinin ucuzlaşacağını düşünmürəm. 

N.Cəfərli bildirdi ki, ətin, diri heyvanın qiymətində ucuzlaşma yalnız bolluq olarsa mümkündür, bunun öz şərtləri var: 
- Azərbaycan hələ də Gürcüstandan mal-qara ixrac edir.

 Hazırda Azərbaycan mal-qaraya olan ehtiyacı ödəyə bilmir. İşğaldan azad edilmiş ərazilərdə yaxın gələcəkdə heyvandarlıq inkişaf edərsə, qiymətlərdə ucuzlaşma mümkün olar. Belə məlumatlar var ki, Kəlbəcər, Qubadlı, Laçında heyvandarlığın inkişafına önəm veriləcək. Belə olarsa, qiymətlərdə ucuzlaşma da gözlənilən olacaq. 

Müəyyən qədər yay fəslində yem problemi o qədər də hiss edilmədiyindən ətin qiyməti, əslində ucuzlaşmalıdır. Amma qış aylarında yem bazası problemi özünü qabarıq göstərdiyi üçün qiymət ucuzlaşmasını gözləmək də absurd görünür.