"Sosial müavinətlər haqqında qanun"a əsaslı dəyişikliklər olub"

Sahib Məmmədov: "Sözügedən qanunda 11 maddə üzrə 50-dək əlavə və dəyişiklik edilib"

İctimai və dövlət maraqlarının müdafiəsi 

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Sosial müavinətlər haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Dəyişikliyə əsasən bundan sonra ölkədə şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin olunacaq. Prezidentin məlum qanuna dəyişiklikləri imzalaması, dövlət siyasətinin sosial yönümlü olduğunun əyani sübutudur. Cənab Prezident zatən hər zaman çıxışlarında vətəndaşların sosial şəraitinin yaxşılaşmasının, rufah halının yüksəlməsinin prioritet olduğunu, hər hansı layihə təxirə salınsa da, sosial proqramların ləngidilməyəcəyini, lazım gələrsə, dövlət büdcəsində sosial proqramlar üçün nəzərdə tutulan vəsaitin artırılacağını söyləyir. Azərbaycan vətəndaşları da hər dəfə cənab Prezidentin sözününü üstündə dayandığını, sosial layihələrin davamlı şəkildə icra edildiyini, dövlət büdcəsindən də məhz sosial layihələrə daha çox vəsait ayrıldığının şahidi olurlar.  Bu, ölkəmizdə vətəndaş-dövlət həmrəyliyinin, dövlətin vətəndaş rifahına üstünlük verməsinin təzahürüdür. Son bir neçə günə nəzər salsaq istər əmək pensiyaları, müavinətlər, əlilliyə görə müavinətlər, istərsə də ümumilikdə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin artırılması istiqamətində əməli addımlar atılıb. Azərbaycan Respublikasının Milli Məclisi vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasına yönəlmiş qanunlara dəyişiklik və əlavələri təsdiqləyib. Məsələn, “Sosial müavinətlər haqqında” Qanunun 7-ci maddəsində dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyinatı şərti kimi şəxsin əmək pensiyası hüququnun olmaması göstərilir. Ailə başçısının kifayət qədər sosial sığorta stajının olması səbəbindən ailə üzvünün ailə başçısını itirməyə görə pensiya hüququ yarandığı halda həmin müavinətin ödənişi dayandırılır. Lakin sözügedən əmək pensiyasının ailə üzvünə düşən hissəsi ona təyin edilmiş, yaxud təyin ediləcək sosial müavinətin məbləğindən aşağı olduğu təqdirdə, onun maddi təminatının aşağı düşməsi ilə nəticələnir. Həmçinin əmək pensiyası təyinatının məqsədinin şəxsin, yaxud ailənin itirilmiş gəlirlərinin kompensasiyası olduğunu nəzərə alaraq, bu halda nəinki ailənin itirilmiş gəlirləri kompensasiya olunur, əksinə, azalırdı. Yeni dəyişikliklə şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin olunacaq. 

  “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklikləri şərh edən Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov qeyd etdi ki, sözügedən qanunda 11 maddə üzrə 50-dək əlavə və dəyişiklik edilib: 

- Bunlardan biri - zərərli və ağır işlərdə çalışan şəxslərin pensiyaya çıxmasında yeni güzəştlərdir. Həmin şəxslər üçün nəzərdə tutulmuş pensiya yaşına çatdıqda əvvəl 12 il 6 ayı zərərli işlərlə bağlı olan 25 il staj və fərdi hesabda 48960 manat pensiya kapitalı tələb olunurdu. Bundan sonra isə 12 il 6 ayı zərərli işlərlə bağlı olan 25 il staj, yaxud 12 il 6 ay zərərli işlərlə bağlı staj və fərdi hesabda 34560 manat pensiya kapitalı tələb olunacaq. Bu, kişilər üçün edilən dəyişiklikdir. Qadınlar isə əvvəl 10 ili zərərli işlərlə bağlı olan 20 il staj və fərdi hesabda 56160 manat pensiya kapitalı tələb olunurdusa, bundan sonra  fərdi hesabda 34560 manat pensiya kapitalı tələb olunacaq. Göründüyü kimi, həmin şəxslərdən pensiyaya çıxmaq üçün tələb olunan pensiya kapitalı 30-38,5 faiz azaldılır. Bu dəyişiklik hər il orta hesabla əlavə 1000 nəfərin pensiya hüququnun yaranmasına imkan verəcək. Digər tərəfdən, güzəştli şərtlərlə pensiya təyin edilən şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti də kişilər üzrə 204-dən, qadınlar üzrə 234-dən 144-ə endirilir. Bu da onlara hesablanan pensiya məbləğinin orta olaraq 42-62 faiz artması ilə nəticələnəcək.
  Qeyd edək ki, yeni dəyişiklik ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsində yeni addımların atılmasına da imkan verir: 
- Ailə başçısını itirməyə görə pensiyanın bir ailə üzvünə düşən hissəsi onun hüququ yaranan müavinətin məbləğindən az olduqda, ona ailə başçısını itirməyə görə pensiya əvəzinə həmin müavinəti almaq hüququ verilir. Bu zaman, eləcə də pensiya payını almadığı digər hallarda, onun pensiya payı bərabər şəkildə bölünərək digər ailə üzvlərinin pensiyasına əlavə olunacaq. Vəfat edən şəxsin pensiya məbləği onun ailə üzvlərinə sonradan ailə başçısını itirməyə görə pensiya kimi təyin ediləndə ötən illərə uyğun şəkildə indeksasiya edilərək artırılacaq. Məsələn, pensiyası 285 manat olan və 2019-cu ildə vəfat etmiş ailə başçısının həyat yoldaşına 2022-ci ildə ailə başçısını itirməyə görə pensiya təyin edildikdə həmin şəxsə 285 manat deyil, 382,8 manat pensiya təyin ediləcək. Vəfat etmiş pensiyaçının pensiyasının məbləğinin də o, pensiyaya çıxdıqdan sonra vəfat edənədək topladığı pensiya kapitalı nəzərə alınmaqla ailə üzvünə müvafiq pensiya təyinatı zamanı yenidən hesablanması imkanı yaradılır. “Əmək pensiyaları haqqında” Qanuna digər bir yeni dəyişiklik isə erkən pensiya hüququ olan çoxuşaqlı (5 və daha çox uşağı olan) qadınlara, sağlamlıq imkanları məhdud uşağı olan analara və atalara, uşaqlarını təkbaşına böyüdən atalara və qəyyumlara münasibətdə humanist, güzəştli yanaşmanı nəzərdə tutur. Bu kateqoriyadan olan, erkən pensiya hüququ yaranan şəxslərə E-sistem üzərindən, müraciət olunmadan, sənəd təqdim edilmədən, proaktiv qaydada pensiya təyinatı aparılacaq. Onlardan fərdi hesabında (01.01.2006-01.07.2018-ci il tarixləri üzrə) hər hansı məbləğdə pensiya kapitalı olan şəxslərə 25 il sosial sığorta stajı hədiyyə edilməklə avtomatik pensiya hüququ şamil olunacaq. Bu dəyişiklik hər il orta hesabla əlavə 960 nəfərin pensiya hüququnun yaranmasına da imkan verəcək.
  Həmçinin qeyd edək ki, Prezident İlham Əliyev "Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlarında dəyişiklik edilməsi barədə də qanunu imzalayıb. Bununla da Azərbaycanda onkoloji və skleroz xəstələri sosial müavinət və ya əmək pensiyası almaq hüququ əldə edir. Bütün bu dəyişikliklər sıravi vətəndaşlarla yanaşı, sağlamlıq imkanları məhdud, müəyyən xəstəliyi olan vətəndaşlara dövlət qayğısının gücləndirildiyini, maddi asılılığının aradan qaldırıldığını sübut edir.