Türkiyə torpaqlarımızı icarəyə götürməklə istifadəyə yararsız yerləri
də dirçəldəcək
Azərbaycan və Türkiyə kənd təsərrüfatı
sahəsində əməkdaşlıqla bağlı saziş imzalayacaq. Türkiyə mətbuatının yazdığına
görə, bu barədə Türkiyənin Kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi
bildirib. Nazir qeyd edib ki, 10 ölkə ilə aqrar sahədə əməkdaşlıq barədə
sazişin imzalanmasına hazırlıq görülür. Həmin ölkələr arasında Azərbaycanla
yanaşı, Venesuela, Qazaxıstan, Sudan və Əlcəzair də var. Onun sözlərinə görə,
mümkün ərzaq böhranına qarşı tədbirlər görülür. O qeyd edib ki, iqlim
baxımından Türkiyədə istehsal edilməsi çətin olan məhsullar xaricdə icarəyə
götürüləcək torpaqlarda əkiləcək. Kənd Təsərrüfatı Nazirliyi Latın Amerikası və
Afrikanın bir neçə ölkəsində torpaqların icarəyə verilməsi ilə bağlı
danışıqlara başlayıb.
"Bizə təkliflər edən ölkələr var: Azərbaycan,
Venesuela, Qazaxıstan, Əlcəzair, Sudan. Bununla bağlı danışıqlar gedir", -
nazir bildirib. O əlavə edib ki, sözügedən ölkələrlə əməkdaşlıq üçün işlərə
başlanılıb. Xatırladaq ki, dünyada kənd təsərrüfatı istehsalının azalacağı və ərzaq
böhranının olacağı proqnozlaşdırılır.
İqtisadçı Eyyub Kərimli “Şərq”ə
açıqlamasında kənd təsərrüfatı təyinatı üçün
torpaqların icarəyə götürülməsi praktikasının dünyada mövcud olduğunu
bildirdi:
- Bu cür yanaşma dünya praktikasında var. Bir neçə ölkə bunu edib. Məsələn,
İsrail dövləti bu sahədə böyük təcrübəyə malikdir. İsraildə torpaq sahələri yetərli
olmadığından başqa dövlətlərin ərazilərində torpaq icarəyə götürür və məhsul
becərirlər. Həmçinin kənd təsərrüfatı az inkişaf etmiş, münbit torpaq sahələri
az olan dövlətlər də bu təcrübədən istifadə edir. Azərbaycan Ukrayna ilə həmin
ölkə ərazisində buğda əkini üçün torpaq icarəyə götürülməsinə dair saziş
imzalamışdı. Lakin hazırda davam edən Rusiya-Ukrayna münaqişəsi sazişin yerinə
yetirilməsinə mane olur. Türkiyənin Azərbaycan torpaqlarını kənd təsərrüfatı məhsulları
yetişdirmək üçün icarəyə götürmək istəyi bizim üçün hərtərəfli yaxşıdır. Çünki
birincisi, Türkiyə bizə qardaş ölkədir. İkincisi, Türkiyədə kənd təsərrüfatı çox inkişaf edib. Mən Türkiyə
kənd təsərrüfatını aqro-mədəniyyətin yüksək forması adlandırıram. Qardaş ölkənin
kənd təsərrüfatı sektorunda ən son texnologiyalardan istifadə edilir, yeni
innovativ yanaşmalar mövcuddur. Əlbəttə ki, bunun bizim kənd təsərrüfatının
inkişafına böyük dəstəyi olacaq. Yeni texnologiyaları, məhsuldarlığın
artırılması üsullarını öyrənəcəyik. Torpaqların kultivasiyası prosesi sürətlənəcək.
Əkinə yararlı sahələr genişlənəcək. Hansı məhsula daha çox ehtiyac olduğu bilinəcək,
hansı məhsulun yetişdirilməsindən daha çox gəlir əldə etmək mümkündür, bilinəcək.
Hazırda bizdə kənd təsərrüfatı təyinatlı torpaqlarda əsasən pambıq əkilir. Amma
qarşıdakı illərdə hansı məhsullara daha çox ehtiyac yaranacaq, bunu bilməliyik
və kənd təsərrüfatının təyinatını ehtiyaca uyğun olaraq dəyişməyi də
bacarmalıyıq. Türkiyəli mütəxəssislər bu işdə bizə əhəmiyyətli kömək edəcək, dəstək
olacaqlar.
E.Kərimli qeyd etdi ki, əgər
Türkiyə Azərbaycan torpaqlarını icarəyə götürərsə, yəqin ki, əsasən meyvə-tərəvəz
yetişdiriləcək. Türkiyənin bu sahədə də təcrübəsi böyükdür:
- Bu məsələlər dövlətlərarası müqavilələrlə tənzimlənir. Müqavilə şərtlərində
bütün detallar qeyd edilir, ikitərəfli razılaşma əldə olunur. Neçə illiyinə
torpaqlar icarəyə veriləcək, hansı şərtlər altında, becərilən məhsul daxili
bazara da çıxacaqmı, icarə haqqı nə qədər olacaq və sair bu kimi məsələlər, əlbəttə,
müqavilə şərtləri ilə tənzimlənəcək. Böyük ehtimalla icarəyə götürüləcək
torpaqlar işğaldan azad edilmiş ərazilərin əhatə dairəsində olacaq.
Bu, Azərbaycan
dövlətinə də sərf edir. Çünki hökumət torpaqların canlanması, əkinəyararlı hala
gətirilməsi üçün vəsait, güc sərf etməlidir. Bizimsə işğaldan azad edilmiş ərazilərdə
görəcək çox işlərimiz var. Qardaş ölkənin bu torpaqların dirçəldilməsinə yardım
etməsi Azərbaycana böyük kömək olacaq. Məlumdur
ki, hazırda ölkədə xeyli torpaq sahələri var ki, istifadə olunmur, dövriyyədən
kənar qalıb. İstifadəsiz torpaqların kənd təsərrüfatı təyinatına qaytarılması
bu sahənin inkişafına təkan verəcək.
İcarə haqqı öz yerində, dövlət büdcəsinə
vergi ödəmələrinin miqdarı da artacaq. Digər tərəfdən dirçələn Qarabağda yeni
iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi də mümkün olacaq.
Yəni hansı tərəfdən baxsaq, torpaq sahələrinin icarəyə verilməsi müsbət haldır,
xeyirlidir. Biz torpaqların icarəyə verilməsinə iqtisadiyyata qoyulan
investisiya kimi baxmalıyıq.