“Parklamadan gəl pul büdcəyə yox, ciblərə gedir”

“Bakı Şəhər İcra Hakimiyyəti özü nəzarət etməlidir”


Paytaxtın aktual problemlərindən biri də parklanma məsələsidir. Vaxtaşırı Bakı sakinlərinin parklanma ilə bağlı şikayətlərinin şahidi oluruq. Sürücülər qanunsuz parklanma pulu tələb edən şəxslərdən, piyadalar isə səkilərin parklanma ərazisinə çevrilməsindən narazıdırlar. Xırdalan şəhərinin Heydər Əliyev prospektində yerləşən mebel mağazasının sahibinə də bununla bağlı xəbərdarlıq edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov səkini zəbt edən şəxs barədə bildirib ki, növbəti dəfə belə hal baş verərsə, daha ciddi tədbirlər görüləcək.

Paytaxtın mövcud parklanma problemi haqqında “Sherg.az”a danışan Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri, professor Məhərrəm Zülfüqarlı bildirib ki, parklanma məsələsi çox problemlidir:

“Bir müddət bununla bağlı kampaniyalar keçirildi, bəziləri cərimələndi. Amma hələ də bu problem qalmaqda davam edir. Bunun günahkarı isə sahibkarlardır. 

Onlar bir nəfərə “jilet” geyindirir və pul yığdırır. Nəticədə nə qəbz verilir, nə də büdcəyə pul köçür. Bu gün istənilən obyektin qabağında parklanma üçün pul  tələb edən insanları görə bilərsiniz.

 Məsələnin həlli üçün parklanma pulu istəyən şəxsi cərimələmək lazım deyil. Ona kim bu icazəni veribsə, onu cərimələmək lazımdır”.

M.Zülfüqarlı problemin həll yollarından da danışıb. O, qeyd edib ki, bunu kökündən həll etmək lazımdır: 

“Düşünürəm ki, buna Bakı Şəhər İcra Hakimiyyəti özü nəzarət etməlidir.
 Əvvəllər,  xüsusi aparatlar quraşdırılmışdılar. Onların  sayəsində büdcəyə müəyyən qədər pul gedirdi. İndi demək olar ki, parklamadan büdcəyə pul gəlmir, yalnız ciblərə gedir. İcra hakimiyyətlərinin xüsusi nəzarəti ilə problem aradan qalxa bilər. 
İnkişaf etmiş ölkələrin təcrübələrindən istifadə etmək olar”.