Qeyri-qida məhsulları da bahalaşdı! – “İki çıxış yolu var”

“Birincisi, yerli istehsalı artırmaqdır.  Lakin onu təşkil etmək uzun zaman alan məsələdir”

“İkinci çıxış yolu müəyyən güzəştlərin tətbiq edilməsidir. Bu vergi və gömrük güzəştlərinin tətbiqi ola bilər”

Marketlərdə ərzaq məhsulları ilə yanaşı qeyri-qida məhsullarının da qiyməti artıb. Satıcıların sözlərinə görə, gündəlik istifadə olunan şəxsi gigiyena vasitələri kəskin bahalaşıb. Vətəndaşlar da qiymət artımının olduğunu təsdiqləyirlər.
Dövlət Statistika Komitəsinin yaydığı son rəqəmlər də Azərbaycanda qeyri-ərzaq məhsullarının bahalaşdığını təsdiq edir. Belə ki, cari ilin yanvar-may aylarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artıb. Məlumata görə, şəxsi-gigiyena məhsulları arasında daha çox bahalaşma toz şəklində olan sintetik yuyucu vasitələrin, sabunların və diş pastalarının qiymətlərində müşahidə olunub.

İqtisadçı ekpert  Natiq Cəfərli adı çəkilən məhsulların bahalaşma səbəblərindən danışıb. O, “Sherg.az”a açıqlamasında qeyd edib ki, qeyri-ərzaq məhsulları, xüsusən də məişət kimyası və şəxsi-gigiyena vasitələri ölkəyə xaricdən gətirilir:

“Bu sahədə Azərbaycanın daxili istehsalı demək olar ki, yoxdur. Ona görə də xaricdə qiymət artımının sürətlənməsi idxal inflyasiyasının yüksəlməsinə səbəb olur. Burada iki çıxış yolu var. Birincisi, yerli istehsalı artırmaqdır.  Lakin onu təşkil etmək uzun zaman alan məsələdir. Bu mövzuda hökümət kifayət qədər  zaman itirib. Öncədən bununla bağlı xüsusi tədbirlər görülməli idi”.

Ekspertin sözlərinə görə, ikinci çıxış yolu müəyyən güzəştlərin tətbiq edilməsidir:

“Bu vergi və gömrük güzəştlərinin tətbiqi ola bilər. Bu yolla qiymətləri tənzimləmək mümkündür. Hansı addımların atılacağını indidən söyləmək çətindir. Bu hökümətin verdiyi qərardan  asılı olacaq. Amma xaricdə qiymət artdıqca asılılığımız olduğu üçün ölkə daxilində də qiymət artımı davam edə bilər”.