Materialların qiyməti artıb! – “Yeni tikili bina və fərdi həyət evləri bahalaşıb”

Son dövrlər tikinti materiallarının qiymətləri diqqətləri cəlb edir. Alıcıların sözlərinə görə, qiymətlərdə bahalaşma müşahidə olunur. Sahibkarların və satıcıların fikrincə isə bu bahalaşma hələ davam edəcək. 

Bu sahədəki qiymətləri daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev “Sherg.az”a şərh edib. O, bildirib ki, tikinti materiallarında bahalaşmanın səbəbləri müxtəlifdir:

“Bu  materialların əksəriyyəti xarici ölkələrdən gətilir. Tikintidə istifadə olunan dəmir məmulatları, armaturlar, metal konstruksiyalar əsasən Rusiya və Ukraynadan gəlir. Ukraynadan gələn məhsullarda müharibə səbəbilə problemlər yaranır.

Həmçinin Rusiyadan nəin ki, Azərbaycana, bütün dünyaya tikinti materialı olan taxta ixrac olunurdu. Lakin orada da rublun qiymətinin oynaması, tətbiq olunan sanksiyalar, yol xərcləri və sərhədlərin qapalı olması materialların ölkəyə gəlməsində maneələr yaradır. Bu da birbaşa tikinti materiallarının qiymətinin artmasına səbəb olur. Azərbaycanda da bir çox tikinti materialları istehsal olunur. Tikintidə daha çox istifadə olunan sement, beton və.s ölkədə hazırlanır. Amma xammalın böyük hissəsinin xaricdən gəlməsi səbəbilə yenə qiymət artımı hiss olunur. 2021-ci ildə pandemiya başlayandan qiymət artımları sürətlə davam edir".

Ekspert diqqətə çatdırıb ki, materialların bahalığı bilavasitə tikintinin maya dəyərinə təsir edir:

“Bu da həm yeni tikili binaların, həm də fərdi həyət evlərinin qiymətlərinin artmasına gətirib çıxarır. Qiymətlər bahalaşdıqca vətəndaşlar üçün ev almaq əlçatan olmur. Bu baxımdan daşınmaz əmlak bazarında hazırda alıcıların əksəriyyəti kreditlə alan müştərilərdir”.