“İpoteka sistemində boşluqlar var”

“Dostlar, bir tanışım ipoteka şərtləri  ilə maraqlanır. Bu gün 7-8 faizlə ipoteka krediti verən bank varmı?  İpoteka ilə ev almaq 10 il əvvəlki qədər müşkül deyil ki?” .
Bu barədə tanınmış teleaparıcı Ləman Ələşrəfqızı öz Feysbuk hesabında paylaşım edib. Jurnalistin sualına gələn cavablar diqqəti cəlb edir. İstifadəçilərin əksəriyyəti ipoteka kreditlərinin əlçatan olmamağından və şərtlərinə ağırlığından gileylənib.

İpoteka kreditləri ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Fuad İbrahimvov bildirib ki, ipoteka sistemində digər sistemlərdə olduğu kimi boşluqlar var:

“Dünyanın istənilən müasir sistem və texnologiyalarını, o cümlədən ipoteka sistemini ölkəyə gətirmişik. Amma bu anlayış bizdə yalnız müəyyən təbəqə üçün əlçatan və qanedicidir. Ümumi kütləni isə qane etmir. Bu kütlə üçün ipoteka krediti adi kredit kimi əl çatmazdır. Çünki bu illər ərzində faiz dərəcələrinin yüksəkliyini nəzərə alsaq, insan yarı yolda ödəyicilik qabiliyyətini itirir.  Digər vəziyyətdə isə iki-üç evin pulunu ödəmiş olur. Bu nöqteyi-nəzərdən bizim müasir reallığımıza cavab vermir”.

Ekspert qeyd edib ki, problemin həlli üçün kifayət qədər maliyyə dayanıqlılığı lazımdır:

“Bununla yanaşı institusional  yanaşma  lazımdır. Yəni, ipoteka veririksə, bu sistemin mənasını anlamalıyıq. Burada da vətandaşların gəlirlərini və eyni zamanda artan xərcləri nəzərə almaq lazımdır. Bu baxımdan ipoteka səviyyəsi optimal olmalıdır. Bu problemin  konkret həlli üçün hökümətin  yanaşması hiss olumalıdır. İllik ayrılan vəsaitlərlə isə həllə çatmayacayıq. Problem həllini tapana qədər də vətəndaşlar narazı olacaq”.