Aİ-92 markalı benzin də bahalaşacaq? - AÇIQLAMA

Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti 1,6 manatdan 2 manata, Aİ-98 markalı benzinin qiyməti isə 1,9 manatdan 2,3 manata yüksəlib. Beləliklə, premium markalı Aİ-95 və super markalı Aİ-98 benzinin hər biri 40 qəpik bahalaşıb. “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Oxu.Az-a açıqlamasında bildirib ki, xarici ölkələrdən Azərbaycana idxal edilən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik baş verib:

Hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9%-i “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin payına düşür.  Ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi, sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir”.

Ölkədəki yanacaq qiymətlərinin müəyyənləşməsi haqqında iqtisadçı ekspert Samir Əliyev öz feysbuk hesabında paylaşım  edib. O, qeyd edib ki, Azərbaycanda yanacağın qiymətini xarici ölkələrlə müqayisə etdikdə 2 meyar əsas götürülməlidir:
“Birinci meyar olaraq neft ixrac edən ölkələr seçilməlidir. İkinci meyar olaraq inkişaf etməkdə olan ölkələr götürülməlidir. Yalnız bu halda bizdə yanacağın qiymətinin digər ölkələrdən "nə qədər ucuz olması" iddiasını irəli sürmək olar. TV kanallarda "tezis ekspertlərin" dövri olaraq qiymət artımını əsaslandırması qeyd etdiyim meyarla əsasında aparılmalıdır. Reallıq isə qiymətləri artıran Azərbaycan hökumətinin xeyrinə deyil. Qeyd edib ki, yanacağın qiyməti hökumət tərəfindən rəsmi (Aİ-92, dizel) və qeyri-rəsmi (Aİ-95, Aİ-98) olaraq hökumət tərəfindən tənzimlənir. Neft-qazın bahalaşması ölkəyə əlavə milyardlar qazandırdığı halda hökumət əli cibində qazandığı gəlirlərdən bir neçə milyonu yanacağa hədiyyə etmək istəmir”.
Aİ-95 və Aİ-98 markalı yanacaqların qiymətlərindəki artımdan sonra sürücüləri maraqlandıran əsas məqam Aİ-92 markalı benzinin qiymətində dəyişiklik olub-olmayacağıdır. Nəzərə alaq ki, ölkəmizdə əsasən Aİ-92 və dizel markalı yanacaqdan istifadə olunur. 

Bununla bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban öz proqnoz  və  gözləntilərini “Sherg.az”la bölüşüb. O, bildirib ki, bu məqam  istehlakçıları daha çox maraqlandırır:

“Bazar iqtisadiyyatı olan qonşu ölkələrdə benzinin markaları arasında qiymət fərqinin adətən 5 faiz olduğunu müşahidə etmişik. Bəzi hallarda bu 10 faizə qədər yüksəlir. Azərbaycanda isə daim bu qiymət fərqi 40-60 faiz olub. İndi isə bu fərq iki dəfədir. Yəni, 1 litr Aİ-95 markalı benzin qiymətinə 2 litr Aİ-92 markalı benzin almaq olar. Bu baxımdan hesab edirəm ki, hazırda psixoloji amil olaraq, öncədən Aİ-95 markasından istifadə edən sürücülərin bir qismi Aİ-92 markalı benzinə keçid edəcəklər. Bununla bağlı hökümət və KİV mütəxəssislərlə iş aparmalı və araşdırmalıdır ki, bu addım reallıqda sürücülərin qənaətinə  səbəb olacaq, yoxsa onlara ziyan vuracaq”.

Aİ-92 markalı benzinin mümkün qiymət artımı haqqında danışan ekspert vurğulayıb ki,  ki, narahatlığa səbəb yoxdur:

“Azərbaycan bazarında neft istehsalı üzrə monopolist olan Dövlət Neft Şirkəti, eyni zamanda, neftin emal müəssisəsinə verilməsi üzrə də monopolistdir. Yəni, özü çıxarır, daşıyır, emal edir və özü də bazara təklif edir. Son maliyyə hesabatından gördük ki, şirkət kifayət qədər mənfəətli işləyir və hər hansı bir sıxıntısı yoxdur. Bu baxımdan da hesab edirəm ki, hələ ki, narahatlığa əsas yoxdur”.