““Azərsu”yun idarəetməsində ciddi problemlər var”

Azərsu” ASC 2021-ci ili 552,23 milyon manat xalis zərərlə başa vurub. Qurumun maliyyə hesabatında göstərilib ki, bu, 2020-ci illə müqayisədə 70,9 faiz çoxdur. Son nəticədə səhmdar cəmiyyətinin yığılmış zərəri 7,6 faiz artaraq 7 855,686 milyon manata çatıb.

Ötən il “Azərsu”yun içməli su və kanalizasiya xidmətinin satışından gəlirləri 262,947 milyon manat (əvvəlki ilə nisbətən 42,7 faiz çox), satışlarının maya dəyəri 128,729 milyon manat (2,1 faiz az), inzibati xərcləri 28,756 milyon manat (28,9 faiz az), satış və paylanma xərcləri 146,607 milyon manat (25,3 faiz çox), digər əməliyyat xərcləri 549,528 milyon manat (2,6 dəfə çox), məzənnə fərqindən gəliri 10,315 milyon manat (əvvəlki il zərər olub), digər gəlirləri 32,236 milyon manat (4,1 dəfə çox), maliyyə xərcləri 3,450 milyon manat (22,2 faiz çox), icarə öhdəlikləri üzrə faiz xərcləri 60 min manat (4,8 faiz az), mənfəət vergisi ödəmələri isə 598 min manat (7 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərsu”yun aktivləri 1 021,630 milyon manat olub ki, bu da illik müqayisədə 2,1 faiz çoxdur. 2021-ci ildə səhmdar cəmiyyətinin öhdəlikləri 0,7 faiz azalaraq 578,444 milyon manata düşüb, balans kapitalı isə 6 faiz artaraq 443,186 milyon manata çatıb.

“Azərsu”yun zərərləri ilə bağlı “Sherg.az”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bu vəziyyətin səbələrindən danışıb. O, bildirib ki, bu borclar müstəqillik illərindən bəri toplanmış zərərlərdir:

“Zaman-zaman bu borcların bir hissəsi dövlət büdcəsi hesabına silinsə də, zərərlər getdikcə artır. Bunun səbəbi çox sadədir. “Azərsu”yun digər dövlət şirkətlərində olduğu kimi idarəetməsində ciddi problemlər var. Burada şirkətin gəlirlərin aşağı olmasının və ya ziyanla işləməsinin əsas səbəbi xərclərin şişirdilməsidir. Bu xərclər şişdikcə, ziyanla işləmə də artır. Bu da nəzarətsizlikdən qaynaqlanır.  Yəni, ciddi nəzarət mexanizmləri yoxdur, korrupsiya əməlləri zaman-zaman mediada müzakirə obyektinə çevrilir. Nəticə etibarilə, dövlət şirkətlərinin normal fəaliyyət göstərməsinin şahidi olmuruq. Bunun üçün ciddi struktur və idarəetmə islahatları aparılmaldır, qurumlar şəffaflaşdırılmalıdır. Əsasən, xərc hissələri daha keyfiyyətli və diqqətli yoxlamalara və nəzarətə məruz qalmalıdır. Bunun nəticəsində  dövlət şirkətlərinin effelktiv idarə edilməsi təmin edilə bilər”.