“Premium benzinlə işləyən avtomobillərin satışı azala bilər”

Ötən gün Azərbaycanda “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiyməti müvafiq olaraq 40 qəpik və 30 qəpik bahalaşıb. Aİ-95 markalı benzinin qiyməti 1,6 manatdan 2 manata, Aİ-98 markalı benzinin qiyməti isə 1,9 manatdan 2,3 manata yüksəlib. Bəs, benzin qiymətlərinin bahalaşması Azərbaycanda avtomobil bazarında qiymətlərə təsir edəcəkmi?

Sualımızı cavablandıran nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Sherg.az”a açıqlamasında bildirib ki, yanacağın qiymətində baş verən dəyişikliklər hər zaman avtomobil bazarına təsir göstərib:

“Bu dəfə də sözsüz ki, premium benzinlə işləyən avtomobillərin alqı-satqısında müəyyən zəifləmələr baş verə bilər. Artıq dünyada, eləcə də Azərbaycanda müasir, komfortlu avtomobillərə üstünlük verilir. Onların əksəriyyəti premium benzinlə işləyir. Premium benzinlə Aİ-92 markalı benzin arasında 1 manatlıq fərq yaranıb. Bu baxımdan düşünürəm ki, insanlar öz büdcələrində bu fərqi hiss etməmək üçün aşağı oktanlı benzinə keçid edəcəklər. Ümumilikdə premium benzinlə işləyən avtomobillərin satışı aşağı düşə bilər. Adətən, qiymət artımları bir müddət təsir göstərir və sonradan öz axarında davam edir. Amma düşünürəm ki, bu dəfə kəskin şəkildə bu təsir özünü göstərəcək”.