Sabirabadda un qıtlığı, yoxsa bahalaşmaya zəmin...?! - Narazılıq

«Güman edirik ki, un var, amma  gizlədilir»

«“Un oyunu”na son qoyulmasına köməklik göstərin »


Sabirabad rayonun Nəsimi kənd sakinləri Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova müraciət ediblər. Onlar bu rayonda olan problemlərin həlli üçün E.Hüseynovdan yardım istəyiblər. Sakinlər rayonda un qıtlığı yaşandığını, əhalinin çörək tapmadığını vurğulayıblar: 

“Hörmətli Eyyub müəllim, sizi mətbuatdan haqqı, ədaləti müdafiə edən, insanlara təmənnasız kömək edən bir şəxs kimi tanıyırıq. İllərin təcrübəsindən belə qənaətə gəlmək olar ki, zəhmətkeş, hamıdan çox işləyib, az qazanan, əkib-becərdiyi  məhsulları dəyər-dəyməzə satmağa məcbur olan şəxslər kənd sakinləridir. Onsuz da kəndimizdə qaz, su,yol yoxdur.  Bu “yoxlar”ın siyahısına insanın yaşaması və qidalanması üçün vacib olan un da əlavə olnub. Sizə bildiririk ki, Sabirabad rayonu ərazisində o cümlədən Şirvan şəhərində böyük un qıtlığı var. Çörək tapılmır. Hətta kəndlərdən rayon mərkəzinə gedirik, amma un tapa bilmirik.Yaxud da kimlərinsə marağına görə gizlədilir. Hökumət orqanları o cümlədən Kənd Təsərrüfatı Nazirliyi dəfələrlə elan edib ki, qıtlıq olmayacaq. Hətta sizin də dilinizdən eşitmişik ki, Azərbaycanda defisit gözlənilmir. Lakin 1 həftədən çoxdur ki, Sabirabad rayon ərazisində və ona qonşu olan Şirvan şəhərində un tapılmır və çörəklərin satışında gecikmələr olur. Bu un qıtlığından rayon İcra Hakimiyətinin də məlumatı var. Lakin heç bir tədbir görmək istəmirlər. İndi bu kasıb kənd camaatı nə etməlidir? Su yoxdur ki, torpaqlarımızda taxıl əkib-becərək. Pul yoxdur ki, gedib xarici ölkədən un alıb gətirək. Bu barədə İqtisadiyyat Nazirliynin 599-76-00 telefon nömrəsinə məlumat verdik. Aldığımız cavab bu oldu ki, bizlik deyil, gedin başqa dövlət orqanlarına müraciət edin. İndi biz hara müraciət edək, dərdimizi kimə deyək?!”.

Sakinlər  E.Hüseynovdan istehlakçıların haqlı maraqlarının ali dövlət orqanlarına çatdırılmasını xahiş ediblər: 

“Sabirabad rayonu unla təmin olunsun. Bu problemin həllinə  nə rayon İcra hakimiyyəti, nə bələdiyyə sədri yaxın gəlir. Biz güman edirik ki, un var, amma  gizlədilir. Sizdən xahiş edirik bu “un oyunu”na son qoyulmasına köməklik göstərəsiniz”