Süni qiymət artımı ilə mübarizə güclənməli, sistemli hal almalıdır
2023-cü il dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib. Yaxın günlərdə qanun layihəsinin müzakirələri davam etdiriləcək. İlk iclaslarda hökumət üzvləri, nazirlər gələn ilin dövlət büdcəsi haqqında ətraflı məlumat veriblər. Çıxış edən millət vəkilləri bir çox məsələləri gündəmə gətiriblər, iradlarını, təkliflərini səsləndiriblər. Xüsusən, son dövrlərdə müzakirə predmetinə çevrilmiş süni qiymət artımı və inflyasiya məsələlərindən söz açıblar. Bəzi deputatlar ərzaq və qeyri-ərzaq qiymətlərinin kəskin bahalaşmasını, o cümlədən inflyasiyanı gündəmə daşıyıb, öz narahatlıqlarını ifadə ediblər.
Əməkhaqlarının, təqaüd və pensiyaların artırılmasını istəyiblər. Məlumata görə, ölkədə ötən ildən başlayaraq inflyasiya yüksəlib və 13 faizdən çox olub. Xatırladaq ki, 2023-cü il dövlət büdcəsinin gəlirləri 30,7 milyard, xərcləri 33,3 milyard manat məbləğində nəzərdə tutulub. Xam neftin 1 barelinin orta illik ixrac qiymətinin 50 ABŞ dolları olması proqnozlaşdırılır. Həmçinin işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3 milyard manat vəsait nəzərdə tutulur. Təbii ki, ictimaiyyəti daha çox maraqlandıran məqamlardan biri də sosial ödənişlərdir. Gələn ilin büdcəsində sosialyönümlü xərclərə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub.
Millət vəkili Vüqar Bayramov "Şərq"ə bildirib ki, 2023-cü ildə sosial sferaya ayrılan vəsaitin həcmində ciddi artımlar olacaq. Deputat vurğulayıb ki, büdcə gəlirlərinin təxminən 46 faizi sosial istiqamətlərdir:
"Yəni büdcədən ayrılan hər 100 manatın 46 manatı sosial istiqamətlərə xərclənəcək. Bu, pensiyanın indeksasiya, eyni zamanda sosial proqramlaşdırılması baxımından yeni imkanlar deməkdir. Hesab edirəm ki, 2023-cü ilin dövlət büdcəsi sosial xarakter daşıyır ki, bu da sosial istiqamətə daha çox vəsaitin ayırlmasını reallaşdıracaq. Əlbəttə, bunlarla yanaşı, ərzaq bahalaşmasına qarşı mübarizənin genişləndirilməsi, xüsusən, süni qiymət artımının qarşısının alınması çox vacibdir. Süni qiymət artımları praktiki olaraq əsasən bayramlarda müşahidə edilir. Yeni İl, eləcə də Novruz bayramı ərəfəsində daha çox ərzaq məhsulları bahalaşır.
O baxımdan qiymət artımı ilə mübarizə güclənməli və sistemli hal almalıdır, monitorinqlər aparılmalıdır. Həmçinin, yerli istehsal hesabına tələbin ödənilməsinə böyük ehtiyac var və buna nail olmağa çalışmalıyıq. Bununla növbəti aylarda qiymət artımlarının zəifləməsini və bütövlükdə inflyasiya səviyyəsinin aşağı düşməsini də müşahidə edə bilərik".