İşıq və qaza qoyulan limitlər ləğv edilir? - Açıqlama

"İşıq və qaza qoyulan limitlər aradan qaldırıla bilər".
Bu sözləri "Sherg.az"a iqtisadçı-ekspert Rəşad Həsənov  deyib. 
O qeyd edib ki, pandemiyadan sonra çox maraqlı sosial- iqtisadi proseslər gedir:

“Dünayanın bütün ölkələrində bu məsələlər iki mühüm göstərici ilə müşahidə olunur: yüksək inflyasiya və işsizlik. Hər hökumət əlində olan imkanlardan istifadə edərək mümkün qədər əhalini müvafiq təzyiqlərdən qorumağa çalışır. Burda müəyyən tədbirlər paketindən söhbət gedir. Bəzi ölkələrdə kommunal xidmətlər üzrə xərclərin kompensasiyası ilə əlaqəli  subsidiyalaşdırma mexanizimləri təşkil olunur. Azərbaycanda da hökümətin əlində olan bəzi məsələlər var. Bunlardan biri də limitlərdir. 

Bu mövzuda müəyyən bir dəstəkləyici qərarlar qəbul edilə bilər. Nəzərdə tutulan əksər güzəşt kimi limitlərlə bağlı da güzəştlər tələb olunur. Əsasən də qış aylarında bu məsələdə şikayətlər daha da şiddətlənir. Əhali kommunal xərcləri ödəməkdə çətinlik çəkir. Bunun səbəbi limitlərin yüksək olmasıdır. Soyuq aylarda xüsusilə, qaz və elektrik enerjisinə tələbat kəskin şəkildə artır”. 

Ekspert hesab edir ki, məsələnin bir neçə həlli yolu var:

 “Birincisi, yaxşı olar ki indiki şərtlər daxilində növbəti 6 ay müddətində hər iki istiqamətdə mövcud olan limitlər və yuxarı limitlərə tətbiq edilən tarixlər ləğv edilsin.

 İkincisi, nisbətən daha zəif olsa da, müəyyən bir təsir göstərə bilər. Ölkə tamamilə qazlaşmayıb, bu ərazilərdə elektrik enerjisinə nəzərdə tutulan limitlər ləğv olunsa, yaxşı olar. 

Bu ərazilərdə qaz olmadığı üçün işıqdan istifadə daha çoxdur. Onlara tanınan 300 kvt -lıq limit çox qısa müddətdə, hətta ilk həftədə bitə bilir. Çünki isitmə və işıqlandırma məqsədilə elektrik enerjisindən istifadə olunur. Buna görə də daha yaxşı olar ki, həmin ərazilərdə işığa qoyulan limit aradan qaldırılsın. Bununla, ailə büdcələri üzərində yaranmış kommunal təzyiqi biraz da olsa, azalda bilərik".

Qeyd edək ki, son günlər Azərbaycanda havaların kəskin soyuqlaşmasından sonra ölkə ictimaiyyətində, eləcə də sosial platformalarda qaz və işığa tətbiq olunanlimitlərin aradan qaldırılmasına dair çoxsaylı təklif və çağırışlar mövcuddur. Bəzi şəxslər isə məlum limitlərin ləğv ediləcəyinə dair iddialar ortaya atıb. 

Şərqiyyə NƏBİ