"Bahalaşma yoxsullaşmaya yol açır” – Ekspert çıxış yollarını göstərdi 

Baş nazir Əli Əsədov Milli Məclisin iclasında Azərbaycan üzrə ərzaq və dərman qiymətlərinin artmasının səbəbini açıqlayıb. Məlumatına əsasən, baş nazir Rusiya-Ukrayna müharibəsi səbəbi ilə dünya iqtisadiyyatında cərəyan edən mənfi tendensiyaları diqqətə çatdırıb. 
“Qlobal təchizat zəncirində qırılmalar müşahidə edilir, dünyada ərzaq qiymətlərinin bahalaşmasına gətirib çıxarır. Dünya iqtisadiyyatı tənəzzüllə üz-üzə qalıb. Bu proseslər Azərbaycana da təsir edir, inflyasiya təzyiqlərini artırır. İnflyasiya nəticəsində Azərbaycanda ərzağın qiyməti 60 faiz bahalaşıb”, - deyə o əlavə edib. 

Dərman vasitələrinin bahalaşmasına gəlincə, Əli Əsədov deyib ki, ölkədə son qiymət artımı 277 adda dərman vasitəsinə tətbiq olunub. 

“Bu da ümumi dərmanların cəmi 2 faizidir. Onlardan da 126 adda dərman vasitəsi Rusiya, Ukrayna və Belarusdan idxal olunan dərmanlardır. Ona görə də, bu ölkələrdən idxal olunan dərmanların qiymətinin artması qaçılmaz idi. Onu da deməliyəm ki, Azərbaycanda həyati vacib əhəmiyyətli dərmanların təminatında hər hansı ciddi çətinlik müşahidə olunmur. Mövcud qanunvericiliyə əsasən, fiziki şəxslər öz ehtiyacları üçün lazım olan miqdarda dərman vasitələrini ölkəyə gətirə bilərlər”, - deyə baş nazir bildirib.
Məsələ ilə bağlı "Sherg.az" a danışan iqtisadçı- ekspert Rəşad Həsənov bildirib ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən ərzaq qiymətlərinin son illik artımı 22 faizdir:

"Bu bahalaşma yoxsullaşmaya yol açır. Ümümiyyətlə, əhalinin Azərbaycanda xərclərinin 50 faizi və onun üzərində hissəsi ərzaq məhsullarına yönəldilib. Ailə büdcəsinə tək ərzaqda 30 faizdən çox yük düşür. Xüsusilə  bu kimi hallarda ən çox əziyyəti az gəlirli əhali çəkir.  Bu kateqoriyaya daxil olan sosial quruplar bu müdafiə olunmalıdırlar ".

Ekspertin sözlərinə görə, ilkin olaraq təqaüdlər, əmək haqları və pensiyalar artırılmalıdır:

“Bu tədbirlər yolu ilə qısa müddətdə məlum təzyiqi aradan qaldırmaq lazımdır. Orta və uzun müddətli dövrdə sosial siyasət genişləndirilməlidir. Büdcə daha çox sosial yöndə hazırlanmalıdır. Əlavə yük yaradan parametrlər mərhələli şəkildə uzaqlaşdırılmalıdır. İşğaldan azad olunmuş ərazilər xaric digər yerlərdə dövlətin infrastruktur lahiyələrində iştirakçılığı, tik, idarə et ,təhvil ver modeli və.s müxtəlif modelləri minimumlaşdırılmalıdır. Bu xərclər əhalinin sosial müdafiəsinə yönəlməlidir. Eyni zamanda daha az gəlirli əhali üçün ərzaq paketləri nəzərdə tutulmalıdır”.

Şərqiyyə NƏBİ