Aİ ölkələri təbii qazın qiymət ilə bağlı kompromis təklifi bu gün müzakirə edəcək

Avropa İttifaqına (Aİ) üzv ölkələrin energetika nazirləri bu gün Aİ Şurasına sədrlik edən Çex Respublikasının qazın qiymət “tavanı”nın 1 MVt/saat üçün 188 avroya endirilməsi ilə bağlı kompromis təklifini müzakirə edəcəklər.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Hələ yazda Aİ-yə üzv bir qrup ölkənin bazara müdaxilə ilə bağlı irəli sürdüyü təklif hökumətlər arasında dərin fikir ayrılığına səbəb olmuşdu. Son həftələrdə Almaniya daha ehtiyatlı yanaşmaya tərəfdar kimi çıxış etsə də, Belçika, Yunanıstan, İtaliya və Polşa yuxarı qiymət həddinin 200 avrodan aşağı olmasını tələb edib.
Sazişdə təbii qazın qiyməti ilə sıxılmış təbii qazın əvvəlcədən müəyyən edilmiş qiymət səbəti arasındakı fərqin 35 avrodan çox olmaması tələb olunacaq. Bu həddi aşan müqavilələr icra olunmayacaq.
Bundan əlavə, yeni layihə Aİ-nin qaza tələbatın azaldılması üzrə tədbirlərinə xələl gətirəcəyi təqdirdə Avropa Komissiyasına (AK) bazara müdaxiləni dayandırmağa imkan verir.
Xatırladaq ki, daha əvvəl AK təbii qazın maksimum qiymətinin 1 MVt/saat üçün 275 avro müəyyən edilməsi ilə bağlı təklifini dərc etmişdi ki, bu da hazırkı bazar qiymətindən (1 MVt/saat üçün 120 avro) iki dəfə çoxdur.