DGK 2023-cü ildən sahibkarlıq subyektləri ilə bağlı yeni layihəyə başlayır

Dövlət Gömrük Komitəsi (DGK) sahibkarlıq subyektlərinin şəxsi uçot vərəqəsinin yaradılması ilə bağlı layihə həyata keçirəcək.
"Report" xəbər verir ki, bunu DGK-nın Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsi rəisinin müavini Əsgər Məmmədov bu gün keçirilən "Gömrük islahatları: Çağırışlar və imkanlar" mövzusunda ictimai müzakirədə deyib.
O, layihənin hazırda test rejimində olduğunu bildirib: "Sahibkarlıq subyektləri bilir ki, bu gün gömrük orqanları müxtəlif yerli xəzinədarlıq orqanlarında ayrı-ayrı hesablarda xidmət olunurlar. Buna görə də, məsələn, Bakıda mal rəsmilləşdirmək istəyənin Sumqayıtda bir avans məbləği varsa, o bu Sumqayıtdakı avans məbləğindən istifadə etmək üçün lüzumsuz yerə müraciət edir, vəsaiti bir xəzinədarlıq orqanından başqasına köçürməyi xahiş edir, onun vəsaiti Sumqayıtdan Bakıya köçürülür və ondan sonra Bakıdakı rəsmilləşdirmə həyata keçirilə bilir".
Ə.Məmmədovun sözlərinə görə, bu nöqsanı aradan qaldırmaq üçün DGK-nin xəzinədarlıq orqanında vahid hesabı və sahibkarlıq subyektlərinin Komitədə bir şəxsi uçot vərəqəsinin yaradılmasına dair böyük bir layihə başladılıb. Biz onu yanvarın 1-dən tətbiq etməyi hədəfləyirik. Bu sistem işə düşəndən sonra sahibkarlıq subyektləri bir hesab üzərindən vahid yanaşma ilə istənilən tədiyə növü üzrə öz vəsaitlərini rahat şəkildə ödəyə biləcəklər".
Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən qarşıya qoyulan ən ciddi tapşırıq bütövlükdə idxal əməliyyatlarının gömrük inzibatçılığında malların ölkəyə gəlmədən öncə məlumatların emalı, hər gələcək malın risk faktorunun öncədən təyin edilməsi, elektron növbələrinin təşkili və sərhəd buraxılışının ciddi şəkildə sürətləndirilməsidir.
"Bu, çox əhatəli və böyük həcmli prosesdir. Düşünürəm ki, 2023-cü ildə buna da nail olacağıq", - deyə Ə.Məmmədov bildirib.