Azərbaycanda ilk dəfə: Bu sahədə ixrac 3 milyard dollara çatıb

  "2022-ci ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı müstəqillik illərində ilk dəfə olaraq 3 milyard dollara çatıb. Qeyri-neft ixracı 2021-ci il ilə müqayisədə 10,3 faiz artıb". Bu barədə millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, qeyri-neft ixracatının artması bir tərəfdən neftdən kənar sektorlarda istehsalın genişlənməsi, digər tərəfdən isə idxalatçı ölkələrdə inflyasiya səviyyəsinin artması ilə bağlıdır: "2022-ci ilin ilkin statistik gözlətilərinə əsasən, ÜDM orta hesabla 4.8 faiz artsa da, qeyri-neft iqtisadiyyatı 9 faizdən çox böyüyüb. 

Bu isə ondan xəbər verir ki, enerjidən kənar sektor 2022-ci ildə ÜDM-nin formalaşmasında xüsusi paya malik olub. Ötən ilin ilk 10 ayında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,4 faiz azalıb. Nəticədə qeyri-enerji sektorunun 2022-ci ildə yaradılan dəyərdə çəkisi artıb.

 2022-ci ildə ən çox artım kimya sənayesi məhsullarının ixracında müşahidə olunub. Bu, 57,7 faizdir. Qara metallar və onlardan hazırlanan məmulatların ixracı 17,5 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,4 faiz, çay ixracı isə 35,6 faiz artıb. 

Ümumi qeyri-neft ixracatının təxminən 1/3-ni aqrar və aqrar sənaye məhsulları təşkil edib. Qeyri-neft ixracatının artması iqtisadiyyatın şaxələndirilməsi baxımından çox vacibdir. İxrac ölkəyə daxil olan valyutanın həcmini müəyyənləşdirir. 

Bu baxımdan, enerji sektorundan kənar sahələrin ixracatının artırılması prioritet olaraq qalmaqdadır".