Əsas məqsəd:“Əhalinin sosial rifahı ilbəil yaxşılaşsın” 

Prezident İlham Əliyev əhalinin sosial təminatının gücləndirilməsi üçün yeni sərəncam və fərmanlar imzalayıb. Bununla da bir sıra dövlət qurumlarında çalışanların əmək haqqları və eləcə də sosial müavinətlər və təqaüdlər artırılıb. Qeyd edək ki, 2023-cü ildə dövlət büdcəsindən sosial sferaya 15.2 milyard manatın ayrılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, büdcə xərclərinin 46 faizi sosial sferaya yönəldiləcək. Müstəqillik illərində bu, sosial sahədə ən böyük ayırmadır. Son sərəncamlar bir daha təsdiq edir ki, cari ildə sosial paketin genişləndirilməsi həyata keçiriləcək. Bütövülkdə, son sərəncam və fərmanlar 2 milyon 700 mindən artıq vətəndaşımızı əhatə edəcək.

Dövlət başçısının sərəncamlarını "Sherg.az"a dəyərləndirən millət vəkili Rüfət Quliyev deyib ki, sosial paket cənab Prezidentin artıq ənənə halını almış mühüm addımlarındandır. Deputat vurğulayıb ki, bu addımın əsas məğzi ondan ibarətdir ki, əhalinin sosial rifahı ilbəil artsın: 

"Baxmayaraq ki, inflyasiya faizləri xoşagələn olmayıb, amma əhalinin sosial rifahı yönündə addımlar atılır. 
Bu addımlar ona gətirib çıxarır ki, inflyasiya nəticəsində insanlara dəymiş ziyanın böyük hissəsi, bəlkə də hamısı belə sərəncamlar, sosial paketlər sayəsində qarşılanır. 

Dəfələrlə demişik ki, büdcənin xərc hissəsində hər 100 manatın 46 manatı sosial siyasət üçün sərf olunur. Cənab İlham Əliyev ilk dəfə prezident seçildiyi ildən bu siyasəti həyata keçirir.

 Bu xətt büdcənin və dövlətin iqtisadi siyasətinin prioritetidir. Budəfəki sərəncamlar da insanların maliyyə vəziyyətini yaxşılaşdırmağa, sosial rifahını artırmağa xidmət edir".