"Transxəzər" layihəsi - Rusiya mane  olacaq...

Rusiyanın mane olacağı aşkardır
“Transxəzər” layihəsinin əsas təşəbbüskarı Türkmənistan olmalıdır
Türkmənistanın əvəzinə heç bir dövlət Xəzərin dibi ilə boru xəttinin çəkilməsi mövzusuna görə Moskva ilə üz-üzə gəlmək istəməyəcək
  Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində “Transxəzər” layihəsinin reallaşmasının çətin olması ilə bağlı fikirləri də bir çox ölkəyə mesaj əhəmiyyəti daşıyırdı. Birincisi, layihə ilə bağlı danışıqlarda nəticə yoxdur. “Transxəzər” layihəsini kimin maliyyələşdirəcəyi və texniki əsaslandırılması bəlli deyil. İkincisi, bu layihə təsdiq olunsa belə Türkmənistan qazını Avropaya çatdırmaq üçün Azərbaycan üzərindən yeni boru xəttinin tikintisinə ehtiyac yaranacaq. Bunun kimlər tərəfindən maliyyələşdiriləcəyinə və qazın alınması ilə bağlı Avropa dövlətləri ilə ilkin razılaşmalara ehtiyac var.
  "Atlas"Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, bu, Azərbaycanın görəcəyi iş deyil. Azərbaycan öz qazını mövcud boru xətləriylə nəql edir və həmin xətlər getdikcə yüklənəcək. Ekspertə görə, buna baxmayaraq, Prezident İlham Əliyev “Transxəzər” layihəsini dəstəklədiyini, sadəcə təşəbbüskar olmadığını xatırlatdı: "Rəsmi Bakı layihəni strateji müttəfiqi Türkiyənin dəstəklədiyini nəzərə alır. Ancaq layihənin əsas təşəbbüskarı Türkmənistan olmalıdır. Çünki bu boru xəttiylə Türkmənistan qazı bölgə ölkələri üzərindən Avropaya nəql olunmalıdır. Ancaq Türkmənistan hakimiyyəti “Transxəzər” layihəsinə maraq göstərmir. Əksinə, bu ölkənin prezidenti bir neçə gün əvvəl Çinə səfər edərək bu ölkəyə əlavə qaz nəql etmək üçün yeni boru xəttinin tikintisi ilə bağlı razılıq əldə edib. Türkmənistan qazının böyük həcmini Çinə nəql edəcəksə, “Transxəzər” boru xəttinə ehtiyac qalacaqmı? Belə olan halda Azərbaycan bu layihəyə görə Rusiya ilə münasibətləri gərginləşdirməyəcək. Çünki “Transxəzər” layihəsinin də adından göründüyü kimi, Xəzərin dibi ilə boru xətti çəkilməlidir. Rusiyanın buna mane olacağı aşkardır. Türkmənistanın əvəzinə heç bir dövlət Xəzərin dibi ilə boru xəttinin çəkilməsi mövzusuna görə Moskva ilə üz-üzə gəlmək istəməyəcək. Ankara “Transxəzər” layihəsini gündəmdə saxlamaq istəyən əsas dövlətdir. Ancaq Aşqabad layihəyə həvəssiz yanaşırsa, Türkmənistanı idarə edənlər “Avropa ölkələri bizim qazı sahilimizdən alsınlar” fikrini ifadə edirlərsə, “Transxəzər” layihəsinin reallaşması çətin olacaq".