Türk lirəsi dəyər itirir


Eldəniz Əmirov: "Pul siyasətində dəyişiklik edilməzsə, dollar qısa müddətdə 25 TL-yə qədər, ilin sonuna daha çox bahalaşa bilər"


  Türkiyə lirəsi (TL) dəyər itirməkdə davam edir.
Ötən gün dollar qarşısında rekord həddə ucuzlaşan TL  20,24 səviyyəsinə qədər ucuzlaşıb. Bu gün isə TL 0,5 faiz dəyər itirib.
  Amerikanın investisiya bankı “Morgan Stanley”ə görə, seçkilərdə qalib gələn Prezident R.T.Ərdoğan indiki aşağı faiz siyasətinə sadiq qalarsa, türk lirəsinin dollar qarşısında 29 faiz dəyər itirməsi riski var. Ekspetlər hesab edir ki, Türkiyənin pul siyasətində dəyişiklik edilməzsə, dollar qısa müddətdə 26 TL-yə qədər, ilin sonuna kimi isə 28 TL-yə qədər bahalaşa bilər. Qeyd edək ki, lirə ilin əvvəlindən bəri 8 faizə yaxın dəyər itirib.
  İqtisadçı-ekspert Eldəniz Əmirovun “Şərq”ə açıqlamasına görə, pul siyasətində dəyişiklik edilməzsə, dollar qısa müddətdə 25 TL-yə qədər, ilin sonuna daha çox bahalaşa bilər: “Nə qədər ki, Türkiyənin iqtisadi siyasətində heterodoks (qeyri-ortodoks) siyasət yürütməsi davam edəcək, o müddət ərzində ölkədəki iqtisadi təlatümlər müşahidə ediləcəkdir.  Düzdür, dünyada belə təcrübələr var ki, hiperinflyasiya dövrlərində heterodoks iqtisadi siyasət aparılır. Amma indiyə qədər ortodoks yanaşmadan tam ayrılaraq tətbiq edilən heterodoks siyasətin davamlı uğur qazanması mumkun olmayıb. Buna görə də hesab edirəm ki, Türkiyə hökumətinin iqtisadi siyasətlərində “U” dönüşü olmadığı müddətcə ölkədə kəskin valyuta böhranı riski artacaqdır. Hazırda bu vəziyyət lirəyə satış böhranı yaşadır. Bu böhranda isə Türkiyəni tərk etməyə çalışan kapitalın rolu getdikcə böyüyəcək. Eyni zamanda böyük xarici öhdəlikləri olan türk şirkətləri artan dövriyyə riski ilə üzləşəcəklər. Ona görə də iqtisadi siyasət istiqamətində dəyişiklik edilmədən Türkiyə daha sərt kapital nəzarəti ehtimalının artması ilə daha ekstremal tədiyyə balansı böhranına doğru gedir”. 
  İqtisadçının sözlərinə görə, Türkiyənin tədiyyə balansı və xarici buferlər üzərində kəskin təzyiqləri qismən azaltmaq üçün birbaşa kreditləşdirmə, valyuta mübadiləsi və enerji ticarəti sazişləri şəklində daha çox ikitərəfli və əsasən qeyd-şərtsiz xarici dəstəyə ehtiyacı vardır: “Sözsüz ki, bu məsələdə Azərbaycan ən yaxşı tərəfdaşlardan biridir. Bir müddət öncə qeyd etdiyim kimi, Türkiyə iqtisadiyyatının bu təlatümlü vəziyyətdən çıxması və genişləndirilməsi üçün həm də bir sıra geniş imkanları vardı. Bu imkanlar haqqında danışdığımdan təkrar lüzum görmürəm. Sadəcə, hazırda öncə Nazirlər Kabinetinin tərkibinin müəyyənləşdirilməsinə, iqtisadi idarəçiliyə gətiriləcək insanların elan edilməsinə və iqtisadi perspektivlə bağlı yeni yol xəritəsinin təqdim edilməsinə ehtiyac vardır”.