Türkiyə lirəni tənzimləyə biləcək

Ankara qısa zaman kəsiyində indiki arzuolunmaz durumdan çıxa biləcək

Türk lirəsi getdikcə daha çox dəyər itirir. Artıq 1 dollar 23-24 lirəyə bərabərdir. Bir çox iqtisadçılar isə bu rəqəmin 34-35 lirəyə çatacağı haqda fikir səsləndirirlər.
Türkiyədə prezident seçkilərinin ikinci turundan sonra lirənin dəyər itirməsi, o cümlədən 3 iyunda dünya üzrə tanınmış iqtisadçı Mehmet Şimşəyin xəzinə və maliyyə naziri təyin olunması ilə prosesin daha da sürətlənməsi müzakirələrə səbəb olub.
Axar.az xəbər verir ki, hazırda dollar 23,5 lirəyə qalxıb, bu isə son bir həftədə dolların 4,5 lirəyə yaxın bahalaşması deməkdir.
Əslində isə müşahidəçilər Mehmet Şimşəyin xəzinə və maliyyə naziri təyin olunması ilə fərqli mənzərə təsəvvür edirdilər. Onda nə baş verir?
Bunun ilk səbəbi kimi Mehmet Şimşəyin “gözlədiyindən daha pis reallıqla” rastlaşması göstərilir. Belə ki, nazir vəzifəsini təhvil alandan sonra Şimşək iqtisadi sistemin təsəvvür etdiyi kimi olmadığını görüb.
Məlumata görə, lirənin ucuzlaşmasının sürətlənmə səbəbi elə Şimşəyin ilk taktiki siyasətidir. Mərkəzi Bankın rezervlərini qorumağı ilk hədəf olaraq seçən yeni nazir bankın bazarda dollar satmasını qadağan edib. Başqa sözlə, Türkiyə tam şəkildə üzən məzənnə sisteminə qədəm qoyub. İddiaya görə, əslində Türkiyədə həmişə üzən məzənnə sistemi olub, ancaq lirənin kəskin ucuzlaşmaması üçün Mərkəzi Bank özəl bankların vasitəsilə bazara vaxtaşırı dollar təqdim edib və bununla da sürətli ucuzlaşmanı ləngitməyə çalışıb. Bu isə MB-nin rezervlərinin tədricən əriməsinə səbəb olub. İndi MB-nin dollar satışını əhəmiyyətli dərəcədə azaltması isə lirənin ucuzlaşmasına təkan verib.
İqtisadçıların fikrincə, MB kəskin ucuzlaşmalar zamanı müdaxiləyə də hazırlaşır və bazarı nəzarətsiz qoymaq niyyətində deyil.
Üzən məzənnə tam oturuşandan – yəni lirə əslində olmalı olduğu səviyyəyə düşəndən sonra MB-nin rezervlərinin əriməsi dayanacaq və artım başlayacaq.
Şimşək niyə bu qərarı aldı?
Dövlət tərəfindən yönləndirilən valyuta bazarının artıq davametməz hala gəldiyi bildirilir. Bu, sərbəst bazar və beynəlxalq normalardan da uzaq sayılır. Proses şirkətlərin rəqabət imkanlarını əlindən alır. Buna görə də MB-nin rezervlərini qorumaq qərarı verilib.
Prosesin nə qədər davam edəcəyi, lirənin hansı səviyyəyə düşəcəyi haqda isə tam təsəvvür yoxdur. Ancaq bunun iqtisadiyyata ciddi təsirləri qaçılmazdır.
Ehtimallara görə, proses ilk vaxtlar inflyasiyanı daha yuxarı səviyyəyə qaldıra bilər. Ancaq prosesin sonunda iqtisadi sağlamlaşma gözlənilir. Bazarın sərbəstləşməsi və siyasi sabitliyin başlaması ilə artıq həftənin əvvəlindən Türkiyədən “qaçan” valyuta geri qayıtmağa başlayıb. Əgər proses nəzərdə tutulduğu kimi gedərsə, lirənin sabitləşməsi, hətta güclənməsi də mümkündür.
Digər əsas məsələ isə Şimşəyə iş bazarının inamıdır: bunun sərmayələrin artımına səbəb olacağı bildirilir. Şimşəyin etibarlı,  proqnozlaşdırıla bilən və şəffaf tətbiqləri və bazarı təsirləndirməyəcəyi də bu inamı artırır. Müşahidəçilərin fikrincə, Şimşəyin gəlişi ilə lirənin ucuzlaşmasının sürətlənməsindən dolayı narahatlığa heç bir səbəb yoxdur: yeni nazirə qısa zaman tanımaq lazım gələcək. 
İqtisadçı-ekspert Fuad İbrahimov isə  Sherg.az-a açıqlamasında lirənin  ucuzlaşmasının yeni proses olmadığını deyib. Pandemiya zamanı dünya iqtisadiyyatının iflic vəziyyətə düşdüyünü xatırladan iqtisadçı deyib ki, 2021 dünya iqtisadiyyatında inflyasiya ili kimi tarixə düşdü: 

“Amma bununla mübarizə yolları da araşdırıldı. Dünya iqtisadiyyatının institusional flaqmanı sayılan ABŞ kimi ölkə belə bu günə kimi hələ də inflyasiya ilə mübarizədə ciddi addımlar atır. Uçot dərəcələrinin artırılmasına gedir, müxtəlif iqtisadi alətlərdən istifadə edirlər ki, problemi yumşaltsınlar. Nəticə də əldə edirlər. Qardaş Türkiyə isə  proseslərin əksinə getdi. Uçot dərəcəsi azaldı ki, bu da inflyasiyanın sürətlə inkişaf etdiyi bir dövrdə ancaq təzyiqi artıra bilərdi. 
Türkiyədə idxal-ixrac əməliyyatları arasında olan balansın pozulması da valyutaya ciddi təsir edib. Bundan başqa, qardaş ölkədə şəffaf üzən məzənnə siyasəti də yürüdülürdü. Beləliklə, lirə təzyiqlərə dözmədən bugünkü duruma, stabilliyi qoruya bilməmək səviyyəsinə gəlib çıxdı”.

Ekspertin sözlərinə görə, yerli istehsal məhsullarının qiymətini dövlət nəzarətdə saxlaya bilsə, lirənin ucuzlaşması elə bir ciddi ziyan verməyəcək. Hər hansı bir valyutanın ucuzlaşması fəlakət sayılmamalıdır: 

“Əgər o valyuta idxal-ixrac əməliyyatlarına uyğunlaşarsa, yəni iqtisadi dillə desək, optimal səviyyəyə çatarsa, bu, ciddi problemlər yaşatmaz. Yəni  yerli istehlakçılar, vətəndaşlar bahalığı hiss etməməlidirlər. Vətəndaşlar bahalıqdan əziyyət çəkir, yerli məhsulların qiymətinin qalxması onlara təsir edir. Çünki nəzərə almaq lazımdır ki, yerli məhsulların istehsalında idxal amilləri var. Türklərin istehsal etdikləri məhsullarda mütləq idxaldan asılı olan hansısa detallar olur və s. Bu xırda detallar da məhsulu bahalaşdırır. Belə olan halda istehlak olunan məhsulların qiyməti dəyişir və insanlar sosial narazılıqlarını büruzə edirlər. Hesab edirəm ki, Türkiyənin həm iqtisadi göstəricilərinə, həm dünyada gedən proseslərə, həm də geostrateji mövqeyi, mühüm layihələrdə iştirakına görə türklər lirəni tənzimləyə biləcəklər. Ankara qısa zaman kəsiyində indiki arzuolunmaz durumdan çıxa biləcək”.