Pakistanlı nazir: “Azərbaycanla müqavilə qışda qaz problemimizin həllinə kömək edəcək”

“Azərbaycanla müqavilə qışda ölkəmizin qaz çatışmazlığına son qoymağa kömək edəcək”.

“Report” Pakistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin neft üzrə dövlət naziri Musadik Malik deyib.

O qeyd edib ki, Pakistanın koalisyon hökuməti bu yaxınlarda Azərbaycandan təbii qazın alınması ilə bağlı müqavilə imzalayıb.

“Müqaviləyə əsasən, Azərbaycan hər ay qaz tankeri təklif edəcək. Pakistan isə qiymətdən asılı olaraq onun alınması ilə bağlı qərar qəbul edəcək. Müqavilə həm də ölkənin qış qaz çatışmazlığına son qoymağa kömək edəcək”, - nazir vurğulayıb.

Bundan əlavə, o, yerli hökumətin bərpa olunan enerjinin təşviqi ilə bağlı öhdəliyinə uyğun olaraq, Baş nazir Şahbaz Şərifin ümumi gücü 10 000 meqavat olan dörd günəş enerjisi layihəsinə start verdiyini söyləyib. Musadik Malikin sözlərinə görə, Baş nazir, həmçinin, Pakistanın bütün böyük neft şirkətlərinin bərpa olunan enerji, "yaşıl" hidrogen və "yaşıl" ammonyak istifadəsinə keçməsi üçün hərtərəfli plan hazırlamaq barədə göstərişlər verib.