Valyuta ehttiyyatlarının artımı büdcəyə necə təsir edəcək? -İqtisadçıdan AÇIQLAMA

2023-cü ilin yekununda Azərbaycanın strateji valyuta ehtiyatları 66,5 milyard ABŞ dolları təşkil edib.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfrasında bildirib.
Onun sözlərinə görə, bu, 2022-ci ilin yekunu ilə müqayisədə 17 % çoxdur:
“O cümlədən, ötən il AMB-nin strateji valyuta ehtiyatları 29,1 % artaraq 11,6 milyard ABŞ dollarına çatıb”.

Azərbaycanın strateji valyuta ehtiyatlarının artmasını  "Sherg.az"a dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli bunun müsbət hadisə olduğunu söyləyib:
"Azərbaycanın strateji valyuta ehtiyyatlarının artmasındakı əsas səbəb ölkədə ötən ilin ilk yarısında neft qiymətlərinin kifayət qədər yüksək olmasıdır. Paralel olaraq  qaz hasilatı və satışında da yaxşı göstəricinin olması nəticəyə öz təsirini göstərdi. Azərbaycanda strateji valyuta ehtiyyatlarının 85% i neft fondunda toplanır. Nəticədə Neft fondunun gəlirləri artır ki, buda öz növbəsində strateji valyuta ehtiyyatlarına müsbət təsir göstərir".

Ekspert vurğulayıb ki, valyuta ehtiyyatları nə qədər çox olarsa, ölkənin iqtisadi dayanıqlılığı da bir o qədər güclü olar:
"Amma valyuta ehtiyyatlarının idarə olunmasında da yeni konsepsiyanın hazırlanmasına ehtiyac var. Azərbaycanda böyük investisiya layihələrinin keçirilməsi zəruridir. İnvestisiya layihələri üçün krediti başqa ölkələrdən almaqdansa, bir qismini daxili resurslar hesabına təmin etmək və bunun sayəsində iqtisadı artıma, yüksəlişə nail olmaq daha doğru olar".