2024-cü ilin yanvar-mart aylarında ölkədə 29 milyard 96,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,0 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verib. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb.
ÜDM istehsalının 39,3 faizi sənaye, 9,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 20,4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,9 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 2856,5 manata bərabər olub.
İqtisadçı ekspert Natiq Cəfərli "Sherg.az"a bildirib ki, ÜDM ilə bağlı yarım illik və illik göstəricilər daha maraqlıdır:
“Yəni bu gələcəkdə rüblük göstəricilərdə müəyyən dəyişikliklərə səbəb ola bilər. Məsələn ÜDM artımı yanvar-fevral ayında 5%-dən çox idi. Lakin rüblük 3 ayı hesablayanda bu artım 4%-ə düşdü. İstənilən halda ÜDM-nin artım tempinin yüksəlməsi pozitiv haldır. ÜDM artımı və iqtisadiyyatın yüksəlməsi hökumətə yaxşı fürsət verir ki, büdcəyə yenidən baxmağa şərait yaradılsın. Ola bilər ki, may-iyun aylarında büdcəyə yenidən baxılacaq. Çünki ölkədə iqtisadi göstəricilər yaxşıdır. Büdcəyə yenidən baxılan zaman isə təqaüd və maaşların artımı ilə bağlı yeni qərarlar qəbul oluna bilər”.