İyunun 10-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.
AZƏRTAC xəbər verir ki, dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini məmnunluqla vurğuladılar.
Görüşdə ölkələrimiz arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu. Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi xüsusilə qeyd edildi, Orta Dəhlizin inkişafı ilə əlaqədar iki ölkənin birgə həyata keçirdiyi fəaliyyətin önəmi vurğulandı.
Həmçinin Türk Dövlətləri Təşkilatının və qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti bir daha qeyd olundu.
Prezident Rəcəb Tayyib Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirdi və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı.
Dövlətimizin başçısı Türkiyə Prezidentini COP29-a bir daha dəvət etdi.
Prezident Rəcəb Tayyib Ərdoğan dəvəti məmnunluqla qəbul etdi.
Görüşdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
İqtisadçı ekspert, Eldəniz Əmirov "Sherg.az"a bildirib ki, Azərbaycan və Türkiyə arasında olan iqtisadi münasibətlər bütün istiqamətlər üzrə genişlənməkdədir:
“Xüsusilə ticarət dövriyyəsinin həcmi baxımından ciddi şəkildə irəliləyiş var. 2020-ci ilin fevral ayında iki ölkə arasında Preferensial Ticarət Sazişi imzalandı. Ticarət sazişinin imzalanmasına əsas məqsəd, ticarət dövriyyəsini üç dəfəyə qədər artırmaqdır. 2020-ci ilin əvvəlinə olan statistikaya görə təxminən 5 milyard dollarlıq ticarət dövriyyəsi var idi. Daha sonra müəyyən irəliləyişlər olsa da pandemiya səbəbindən hədəfə çatmaq mümkün olmadı. Ancaq sonrakı dövrlərdə artıq Preferensial Ticarət Sazişinə yeni əlavələr olundu. Həmin saziş isə müəyyən siyahıda olan məhsullar üzrə güzəştlərin tətbiq edildiyi bir müqavilədir. Məhsulların siyahısı bura əlavə edildikcə ticarət dövriyyəsində də artımlar baş verəcəkdir. Bu dinamika artıq özünü göstərməyə başlayıb. 2023-cü ildə Türkiyə ilə olan ticarət dövriyyəmiz 7 milyard 650 milyon dollara gəlib çıxdı. Ticarət dövriyyəsinin daha da artımı və iqtisadi əməkdaşlığın yüksəlməsi Preferensial Ticarət Sazişinə yeni əlavələrin edilməsi ilə baş verəcək. Eyni zamanda iki ölkə arasında 2 qat vergitutmanın aradan qaldırılmasına dair sazişin imzalanmasıda bu istiqamətdə öz töhvəsini verəcək. İşğaldan azad olunmuş ərazilərimizdə Türkiyə ilə əməkdaşlıq və türk şirkətlərinin fəaliyyəti də iqtisadi münasibətlərin əsasında duran amillərdən biri kimi qeyd edilə bilər. Həmçinin Azərbaycanın Türkiyə ilə hərbi istiqamətdə olan əməkdaşlığı Müdafiə Sənayesinin inkişafına öz töhvəsini verməklə yanaşı, ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin yaranmasına və mövcudlarının inkişafına da fürsətlər yaradacaq”.