2024-cü ilin may ayında qida məhsulları, içkilər və tütün məmulatları 0,7%, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,8% ucuzlaşıb.
Sherg.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, marqarinin, günəbaxan və qarğıdalı yağlarının, bananın, çiyələyin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, göy lobyanın, sarımsağın, baş soğanın, bahalaşma isə əsasən düyünün, unun, makaronun, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, xama və qatığın, kərə və zeytun yağlarının, limonun, almanın, ağ kələmin, süfrə çuğundurunun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2024-cü ilin may ayında qeyri-qida malları 0,2 faiz, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2 faiz bahalaşıb. May ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından daha çox bahalaşma şəxsi gigiyena məmulatlarının, sementin, yay geyimlərinin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2024-cü ilin may ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər 0,5 faiz, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz bahalaşıb. May ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən hava nəqliyyatı ilə MDB ölkələrinə beynəlxalq sərnişindaşıma xidmətlərinin, mobil telefon danışıqlarının, respublikadaxili istirahət turlarının, stomatoloji xidmətlərin, ucuzlaşma isə MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.