Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən əməyin təhlükəsizliyi sahəsini əhatə edən 5 yeni dövlət standartı qəbul edilib.
Teleqraf AZSTAND-a istinadən xəbər verir ki, yeni dövlət standartlarının qəbul edilməsində məqsəd fərdi mühafizə vasitələrinin keyfiyyət və təhlükəsizlik göstəricilərini artırmaq, istehsalat risklərini azaltmaq, iş yerlərində təhlükəsiz əmək şəraitinin təmin olunmasına və əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübənin tətbiqinə töhfə verməkdən ibarətdir.
Yeni dövlət standartı layihələri AZSTAND tərəfindən “Əməyin Mühafizəsi Mərkəzi” PHŞ-nin bazasında təsis edilən “Əmək sahəsində” standartlaşdırılma üzrə Texniki Komitənin (AZSTAND/TK 21) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.